“Rusiyaya azadlıq” legionu Rusiyanın Belqorod vilayətində ölkənin motoatıcı rotasını məhv edib

“Rusiyaya azadlıq” legionunun döyüşçülərinin Rusiyanın Belqorod vilayətində keçirdikləri əməliyyat çərçivəsində ölkənin motoatıcı rotası (təxminən 150 əsgər) məhv edilib.

“Report” xəbər verir ki, bu barədə legion teleqramda məlumat yayıb.

Leqion xatırladıb ki, Belqorod vilayətində keçirilən əməliyyatın məqsədi Rusiyanın Ukrayna ilə sərhədində demilitarizasiya zonası yaratmaq, Prezident Vladimir Putinin rəhbəri olduğu rejimin təhlükəsizlik qüvvələrini məhv etmək və bu ölkədə diktaturaya müqavimət imkanlarını nümayiş etdirməkdir. Legion qarşıya qoyulan məqsədlərə uğurla nail olunduğunu iddia edib.

“Dünənki döyüşlərdə FTX qüvvələri məğlubiyyətə uğrayaraq təşviş içində geri çəkiliblər. Bundan sonra Rusiya ordusunun bölmələri yerlərə gələrək əks-hücum keçməyə cəhd göstəriblər. Bu gün, ayın 23-də döyüşlər zamanı Rusiya ordusunun bir motoatıcı rotası legion tərəfindən yox edilib”, – döyüşçülərdən biri açıqlayıb.

Legion həmçinin əlavə edib ki, qarşı tərəfin bir neçə texnikası da məhv edilib.

Qeyd edək ki, mayın 22-də Ukrayna tərəfində vuruşan “Rusiya Könüllülər Korpusu”nun və “Rusiyaya azadlıq” legionunun döyüşçüləri Belqorod vilayətində əməliyyata başladığını elan ediblər. Döyüşçülər Rusiya ordusuna məxsus bir neçə hərbi texnikanı ələ keçirməyə nail olublar. Eyni zamanda, mətbuatda yayılan məlumata görə, Rusiya Belqorod vilayətini müdafiə etmək üçün öz qoşunlarının bir hissəsini cəbhədən həmin əraziyə köçürüb.

ƏvvəlkiƏrdoğan Azərbaycan və Türkiyənin gələcəkdə birgə həyata keçirəcəyi layihələri açıqlayıb
NövbətiBDU və İsrailin Yerusəlim İbrani Universiteti arasında müqavilə imzalanıb