BDU və İsrailin Yerusəlim İbrani Universiteti arasında müqavilə imzalanıb

Bakı Dövlət Universiteti (BDU) və İsrailin Yerusəlim İbrani Universiteti (Hebrew University of Jerusalem (HUJI)) arasında ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

“Report”xəbər verir ki, mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, BDU-nun rektoru Elçin Babayev, Yerusəlim İbrani Universitetinin Beynəlxalq məsələlər üzrə vitse-prezidenti Oron Şagrir iştirak edib.

BDU-nun rektoru Elçin Babayevin çıxışında bildirib ki, imzalanacaq müqavilə olan magistr səviyyəsində Biotexnologiya ixtisaslaşması üzrə ikili diplom proqramıdır: ” Biotexnologiya həyatımızı və ətrafımızdakı dünyanı dəyişdirmək üçün böyük potensiala malik bir sahədir. Biz HUJİ və onların komandası ilə birlikdə bu beynəlxalq əməkdaşlığı həyata keçirmək və tələbələrimiz üçün unikal imkan yaratmağı qarşımıza hədəf qoyduq. İkili diplom proqramı biotexnologiyanın ən son nailiyyətlərini əhatə edən tədris planı vasitəsilə hər iki qurumun yanaşmasını birləşdirəcək. Bu əməkdaşlıq vasitəsilə tələbələrimiz İsrailin tanınmış professor-müəllim heyəti və mütəxəssisləri ilə birbaşa çalışacaq və biliyi birbaşa mənbəyində əldə edəcəklər. Həm də onlar müxtəlif mütəxəssis yanaşmalarını, qabaqcıl tədqiqatları və mürəkkəb bioloji problemlərin həllinə innovativ yanaşmaları dərindən mənimsəyəcəklər”.

Rektor əlavə edib ki, proqram tələbələrin akademik təcrübəsini artırmaqla yanaşı, mədəni mübadilə və beynəlxalq şəbəkələşmə üçün də yeni imkanlar yaradacaq: “HUJI ilə birgə icra ediləcək tədqiqat layihələri tələbələrimizin akademik təcrübəsini zənginləşdirməklə yanaşı, cəmiyyətə müsbət təsir göstərə biləcək kəşflərə və yeniliklərə yol açacaq. Mükəmməl tədqiqatlara olan ortaq öhdəliyimiz vasitəsilə biz biotexnologiyanın gələcəyini formalaşdıracaq və ictimai tərəqqiyə təkan verəcək uzunmüddətli əməkdaşlıqların əsasını qoyuruq”.

Sonra Oron Şagrir müqavilənin əhəmiyyətindən və perspektivindən danışıb.

Sonda imzalanma mərasimi olub.

Əvvəlki“Rusiyaya azadlıq” legionu Rusiyanın Belqorod vilayətində ölkənin motoatıcı rotasını məhv edib
NövbətiXəzər dənizinin sahillərinin tullantılardan təmizlənməsinə başlanılıb