Rəcəb Tayyib Ərdoğan Donald Trampla müzakirə etdiyi məsələləri açıqlayıb

“ABŞ Prezidenti Donald Trampla görüşümüzdə Suriya, PKK/YPG-PYD, Fətullahçı Terror Təşkilatı, “Halkbank” məsələlərini müzakirə etdik”.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransaya səfərdən geri dönərkən, təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, D.Trampla sonuncu telefon danışıqları zamanı da “Halkbank” məsələsini müzakirə ediblərmiş: “”Halkbank”la əlaqədar telefon danışığımızdan sonra cənab Donald Tramp ölkəsinin Xəzinə və Maliyyə Nazirliyinə 24 saat ərzində təlimat verdi və nazir də bizim xəzinə və maliyyə nazirimiz Berat Albayraka zəng etdi. Bu məsələnin həlli üçün atılacaq addımları, görüləcək işləri müzakirə etdilər. Məsələnin həlli ilə bağlı fərqli mənzərə yaranan kimi xarici işlər nazirimiz Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə əlaqə saxladı. Mən məsələni Trampa deyəndən sonra o, ABŞ-a dönən kimi xəzinə və maliyyə nazirinə təlimat verəcəyinin söylədi. Donald Tramp “mən bu işin baça çatdığını zənn edirdim, niyə bu qədər uzandı?” cavabını verdi”.

İki ölkə lideri YPG məsələsini də nəzərdən keçiriblər: “Məndə YPG məsələsində də öz aralarında əlaqənin olmaması təəssüratı yaranıb. Cənab Donald Trampa bu məsələdə bərabər görə biləcəyimiz çox işlərin olduğunu dedim. Məsələ ilə bağlı Mövlud Çavuşoğlu və müdafiə naziri Hulusi Akarın amerikalı həmkarları ilə görə biləcəkləri işlər çoxdur”.

Qeyd edək ki, “Halkbank”ın baş direktorunun keçmiş müavini Hakan Atilla hazırda ABŞ-da həbsdədir. Ağ ev onu İrana qarşı sanksiyaları pozmaqda ittiham edir.