Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə ASEAN PA arasında anlaşma memorandumu imzalanıb

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığının paytaxtı Manama şəhərinə işgüzar səfəri çərçivəsində ASEAN Parlamentlərarası Assambleyanın (PA) Baş katibi Siti Rozaimeriyanti Dato Haji Abdul Rahman ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Milli Məclisi ilə ASEAN PA arasında əməkdaşlığın yüksək səviyyədə olması vurğulanıb. Xatırladılıb ki, ötən il Azərbaycan Milli Məclisi ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu alıb.

Spiker Sahibə Qafarova, həmçinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri kimi diqqətə çatdırıb ki, Parlament Şəbəkəsi ASEAN PA da daxil olmaqla digər parlament təşkilatları ilə fəal əlaqə qurmaqda maraqlıdır. Milli Məclisin sədri vurğulayıb ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi mühüm təşəbbüsləri beynəlxalq birlik tərəfindən dəstəklənir. Dövlətimizin başçısının təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə də beynəlxalq maraq getdikcə artır. O, Şəbəkənin sabah keçiriləcək ikinci konfransına hazırlıq məqsədilə görülən işlər barədə məlumat verib.

ASEAN Parlamentlərarası Assambleyanın Baş katibi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini yüksək qiymətləndirərək, ölkəmizin Hərəkatın Parlament Şəbəkəsinin institusional inkişafı istiqamətində atdığı addımların beynəlxalq ictimaiyyət tərəfindən də təqdir olunduğunu bildirib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Görüşün sonunda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə ASEAN Parlamentlərarası Assambleya arasında anlaşma memorandumu imzalanıb.

ƏvvəlkiHərbi Prokurorluq: MN-in hərbi qulluqçusunun ölümü ilə bağlı cinayət işi başlanılıb
NövbətiDİM tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib