Qondarma erməni soyqırımının tanınması ədalətsizlikdir

ABŞ Konqresi Nümayəndələr Palatasının bu il oktyabrın 29-da 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisələrlə bağlı qətnamə qəbul etməsi ikili standartların bariz nümunəsidir. Tarixi faktları təhrif edən belə bir qərarın qəbul edilməsi, şübhəsiz, ABŞ kimi qüdrətli dövlətin nüfuzuna xələl qətirəcək və Ermənistanla Türkiyə arasında gələcəkdə aparıla biləcək hər hansı dialoqa zərbə vuracaq. Belə bir qərəzli sənədin hazırlanıb və təcili surətdə ortaya çıxarılması gözlənilən idi. Bununla Türkiyədən qisas aldığını düşünən ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma erməni soyqırımını tanımaqla, əslində, özünü nüfuzdan saldı.

Türkiyənin Suriyada apardığı “Barış çeşməsi” əməliyyatı ilə ABŞ-ın böyük oyununu pozduğu hər kəsə bəllidir. Layihələri iflasa uğrayanların intiqam hissi ilə alışıb-yandıqları, əvəzində Türkiyəyə təzyiq edəcəkləri bəlli idi. Belə məqamlarda həmişə ermənipərəst dairələrə güvənən siyasi riyakarlar bu dəfə də xəbis niyyətlərini ortaya qoydular. Tarixi faktları saxtalaşdırmaqla qondarma erməni soyqırımı kartından istifadə edənlər, əslində, öz riyakarlıqlarını, ikili standartlar mərəzindən hələ də əl çəkmədiklərini təsdiqlədilər.
Qatı ermənipərəstlikləri ilə tanınan, Ermənistanla yanaşı, Dağlıq Qarabağdakı terrorçu xuntanı da “müstəqil dövlət” hesab edən konqresmenlər Adam Şiff və Qus Bilirakis tərəfindən bu il aprel ayının əvvəlində hazırlanmış 296 saylı qətnamə layihəsi Türkiyədən qisas almaq və təzyiq vasitəsi kimi Konqresin Nümayəndələr Palatasının əlinə sanki göydəndüşmə oldu. Hətta konqresmenlər “erməni soyqırımı”nın qondarma olduğunu, ermənilərin özlərinin soyqırımı, dəhşətli terror aktları törətdiklərini, işğalçı olduqlarını bilə -bilə bu qətnaməni qəbul etdilər. On bir konqresmenin bu saxta sənədin qəbul olunmasına vicdanı yol vermədi və bitərəf qaldı.
Qətnamənin qəbul olunmasında, layihənin daha da “zənginləşdirilməsində” konqresmenlər Robert Menendes və Ted Kruz xüsusi fəallıq göstəriblər . Bu da təsadüfi deyil. Necə deyərlər, “Əl əli yuyar, əl də üzü”. Robert Menendes ABŞ-ın şərq, Ted Kruz isə cənub və qərb bölgələrindəki erməni diaspor təşkilatlarından “lobbi fəaliyyətinin dəstəklənməsi” adı ilə tez-tez külli miqdarda maliyyə vəsaiti alan şəxslərdir. Bu, “ianə” və “yardımlar” belə qətnamələrin qəbul edilməsində erməni lobbisinin əlində vasitə olur. Robert Menendes və Ted Kruz nüfuzlu senatorlar kimi tanınırlar. Buna baxmayaraq, “ianə “ və “yardım” aludəçisi kimi də ad qazanıblar. Bu da erməni lobbisinin diqqətindən yayınmayıb. Hər iki konqresmen belə məqamlarda öz “xidmətlərini” əsirgəmirlər. Hələ qondarma erməni soyqırımı layihəsi müzakirəyə çıxarılmazdan əvvəl də bu iki konqresmen qərəzli sənədin Senatda təsdiqlənməsi üçün təbliğat — təşviqat kampaniyası aparırdılar.
Belə bir qərəzli sənədin qəbul olunması sübut edir ki, əslində, qondarma erməni soyqırımı keçmişdə olduğu kimi, bu gün də dünyanın güclü dövlətləri tərəfindən xarici siyasətdə vasitədir. Qətnamə hüquqi baxımdan əhəmiyyət kəsb etməsə də, ABŞ-la Türkiyə arasında pisləşən müttəfiqlik münasibətlərinə xələl gətirəcək.

Azər VERDİYEV,
politoloq, Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri

ƏvvəlkiVoleybol üzrə kişi və qadınlar arasında Avropa Olimpiya Təsnifat Turnirlərinin ev sahibləri və yarışların keçirilmə vaxtları dəqiqləşib
NövbətiAzərbaycan-İran sərhədində silahlı insident olub, sərhəd pozucusu öldürülüb