“QHT ziyarətləri” layihəsi çərçivəsində “İMZA” İctimai Birliyində görüş olub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi “QHT ziyarətləri” layihəsi çərçivəsində növbəti görüşünü “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində (İB) keçirib.

“İMZA” İB-nin Beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədli AZƏRTAC-a bildirib ki, görüşdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Agentliyin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev və Agentliyin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı iştirak ediblər.

Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev bildirib ki, “İMZA” İB-nin istər sosial şəbəkələrdə, istərsə də cəmiyyətimizin həyatında fəaliyyəti rəğbətlə qarşılanır və yüksək qiymətləndirilir.

Görüşdə çıxış edən “İMZA” İB-nin sədri Xəyyam Əsgərov diqqətə çatdırıb ki, təşkilat yarandığı gündən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əsas hədəf kimi müəyyənləşdirdiyi dövlətimizə və millətimizə xidmət məfkurəsinə sadiq qalıb.

“İctimai Birliyimiz öz fəaliyyətini ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın hamımıza nümunə olan xeyirxahlıq amallarına söykənərək qurub. İctimai Birlik indiyədək müxtəlif yerli və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil edib. Buraya şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğı, aztəminatlı ailələrə edilən yardımlar daxildir. Bununla paralel olaraq, “İMZA”çılar ötən il beynəlxalq əhəmiyyətli I Qarabağ İqtisadi Forumunu da keçiriblər. Forum həm ölkə daxilində, həm də xaricdə böyük maraqla qarşılanıb. Bu il “İMZA”nın Türkiyə nümayəndəliyi yaradılıb. Qurumun İdarə Heyətinin qərarı ilə Türkiyənin Azərbaycandakı sabiq səfiri, təcrübəli diplomat və ictimai-siyasi xadim Hulusi Kılıç “İMZA”nın Türkiyə üzrə nümayəndəsi təyin edilib. Bu il II Qarabağ Beynəlxalq İqtisadi Forumunun məhz Türkiyədə keçirilməsi nəzərdə tutulub”, – deyə X.Əsgərov bildirib.

O qeyd edib ki, sosial şəbəkələrdə də “İMZA”nın fəaliyyətinə xüsusi maraq və rəğbət var. Sosial şəbəkələrdə statistikamızın milyonlarla ölçülməsi bunun əyani sübutudur. “İMZA könüllüləri” isə cəmiyyətimizin həyatında öz fəallıqları ilə seçilirlər.

Görüş zamanı gələcək planlar barədə də ətraflı müzakirələr aparılıb.

ƏvvəlkiQubadlıda bir nəfər minaya düşərək ağır dərəcəli bədən xəsarətləri alıb
NövbətiBMT baş katibi aprelin 26-da Moskvada Putinlə görüşəcək