QHT nümayəndəsinin minaya düşməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlanıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT nümayəndəsinin aprelin 26-da Suqovuşan qəsəbəsində minaya düşməsi ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, “2023-cü il aprelin 26-da Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan qəsəbəsi ərazisində mina partlayışı baş verib. Hadisə nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun icma mina aksiyası komandasının sürücüsü Babaşov Xəzər Tariyel oğlu ağır bədən xəsarətləri alıb və sağ ayağı dizdən aşağı amputasiya olunub.

Bu hadisə Azərbaycan ərazisində növbəti mina terroru kimi qiymətləndirilməlidir. Ermənistan 30 ilə yaxın dövr ərzində Azərbaycanın Qarabağ bölgəsindəki şəhər və rayonlarını yalnız işğal altında saxlamaqla kifayətlənməyib, həm də günahsız insanları qətlə yetirmək məqsədilə həmin əraziləri qəsdən kütləvi şəkildə minalayıb. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində baş vermiş çoxsaylı mina partlayışları nəticəsində indiyə qədər, ümumilikdə 286 nəfər mina terrorunun qurbanına çevrilib və onlardan 48 nəfəri həlak olub.

Ermənistan Respublikası nəinki ötən illər ərzində basdırdığı minaların dəqiq xəritələri haqqında ölkəmizə məlumat vermir, bu gün də təxribatlarını davam etdirərək Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə yenidən minalar basdırır, nəticədə mülki şəxslərin və hərbçilərin həyatı ciddi təhlükə altına düşür.

Bir daha dünya ictimaiyyətinə, o cümlədən insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara səslənərək insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməyə çağırırıq”.

ƏvvəlkiBeynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına göz yummamağa çağırırıq
NövbətiTərtər rayonunda mina partlayışı nəticəsində üç nəfərin həlak olması ilə bağlı cinayət işi başlanıb