Qeyri-qanuni erməni silahlı dəstələri təxribat məqsədilə heyvanlardan istifadə edir

Sentyabrın 11-də saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər. Belə ki, qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin üzərindəki əldə düzəlmə partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb.

“Bu təxribatı “Adi silahların müəyyən növlərinin istifadəsinə qadağa və məhdudiyyətlərə dair Konvensiya”nın Minaların, mina-tələlərinin və digər qurğuların tətbiqinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında protokoluna zidd olan əməl kimi qətiyyətlə pisləyirik.

Heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması mənəviyyatsız hərəkətdir və bunu terror aktı kimi qiymətləndiririk”, – deyə nazirliyin məlumatında qeyd olunur.

ƏvvəlkiGədəbəy istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
NövbətiSumqayıtda icbari tibbi sığortanın tətbiqindən sonra vətəndaşlara 6 milyondan artıq xidmət göstərilib