Qeyri-hökumət təşkilatlarının Şuşa şəhərinə səfəri davam edir

Ötən gündən etibarən Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) geniş tərkibdə nümayəndə heyətlərinin Şuşa şəhərinə növbəti səfərləri baş tutub.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfər sabah başa çatacaq. Hər gün 150-dən çox QHT nümayəndəsinin, habelə bloger, ictimai fəalların və şəhid ailələrinin iştirak edəcəyi səfərlərdə ümumilikdə 500 nəfər iştirak edəcək.

V.Quliyev onu da bildirib ki, QHT-lərin işğaldan azad olunmuş ərazilərə səfərləri mütəmadi əsasda təşkil edilir. Onlar səfər etdikləri ərazilərdə işğalın ağır nəticələri, Azərbaycan xalqının maddi-mədəni və tarixi irsinə qarşı törədilmiş soyqırımı fəaliyyəti nəticəsində dağıdılmış yaşayış məskənləri və mədəni-tarixi nümunələrlə tanış olurlar. Eyni zamanda, səfər iştirakçıları Şuşada və yol boyunca işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və genişmiqyaslı tikinti işlərinin həcmini və sürətini izləyə bilirlər.

Qeyd edək ki, Şuşa səfəri QHT-lərin Qarabağ bölgəsinə sayca 14-cü səfəridir. Bu günədək yalnız Şuşaya QHT-lərin 1000-dən artıq nümayəndəsinin, ümumilikdə Qarabağa 2000 nəfərədək QHT təmsilçisinin səfəri təşkil edilib. Səfər iştirakçıları maşrut üzrə ilk olaraq Cıdır düzündə olublar. Daha sonra Vaqifin Məqbərəsi, Polad Bülbüloğlunun ev muzeyi və digər tarixi abidələri ziyarət edəcəklər.

ƏvvəlkiQHT “Aztəminatlı şəxslərə hüquqi xidmətlərin göstərilməsi” adlı layihəninin icrasına başlayıb
NövbətiHeydər Əliyev Mərkəzində caz ulduzlarının konserti keçiriləcək