Qaxda Xalq artisti, kinorejissor Xamis Muradovun 80 illiyi qeyd olunub

Görkəmli kinorejissor, ssenarist, Xalq artisti, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Xamis Muradovun anadan olmasının 80 illiyi ilə əlaqədar sentyabrın 15-də Qax rayon Mədəniyyət Mərkəzində “Sənətkar ömrü” adlı yubiley tədbiri keçirilib. Gecədə rayon rəhbərliyi, sənətsevərlər, ictimaiyyətin nümayəndələri, yubilyarın yaxınları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gecədə Xamis Muradovun həyat və yaradıcılığı geniş işıqlandırılıb. Diqqətə çatdırılıb ki, Xamis Bəkir oğlu Muradov 1943-cü il sentyabrın 15-də Qax rayonunun Qaxmuğal kəndində anadan olub. O, Bakı şəhərindəki 72 nömrəli orta məktəbi bitirib. 1962-1966-cı illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Rejissorluq fakültəsində təhsil alıb. 1966-cı ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başlayıb. Görkəmli kinorejissorlar Şamil Mahmudbəyovun quruluş verdiyi “Torpaq. Dəniz. Od. Səma” (1967) və Muxtar Dadaşovun çəkdiyi “Qanun naminə” (1968) filmlərində rejissor assistenti kimi çalışıb. O, Ş.Mahmudbəyovun 1969-cu ildə lentə aldığı “Şərikli çörək” filmində də ikinci rejissor olub.

Xamis Muradov kino sənətinin sirlərinə daha dərindən bələd olmaq üçün 1969-1971-ci illərdə Moskvada “Ali rejissorlar və ssenaristlər kursu”nda təhsilini davam etdirib. Bakıya qayıtdıqdan sonra “Nəsimi” (1971) qısametrajlı tarixi-bioqrafik sənədli filmi ilə rejissor debütünü edib. Bu ekran əsərindən sonra sənədli kino istiqamətinə yönələn rejissor “Azərbaycanfilm”də tanınmış ədəbiyyat və mədəniyyət xadimlərimiz haqqında 50-dən artıq maraqlı film lentə alıb. Xamis Muradov, eyni zamanda , 20-ə yaxın sənədli filmin ssenari müəllifi, 10-dək bədii ekran işinin prodüser kimi çalışıb.

Rejissor 1988-2001-ci illərdə “Salnamə” sənədli filmlər studiyasına rəhbərlik edib. 2002-2011-ci illərdə isə “Azərbaycanfilm” kinostudiyasının direktoru olub.

Gecədə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, sənətsevərlər çıxış edərək, yubilyarı təbrik edib, onun Azərbaycan kino sənətinin inkişafındakı rolundan, verdiyi töhfələrdən söz açıb, sadəliyindən, yüksək mədəniyyətindən danışıb, xoş arzularını bildiriblər.

Tədbir bədii proqramla davam edib. Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən İ.Dağıstanlı adına Xalq teatrının aktyorları da yubilyarı təbrik ediblər.

ƏvvəlkiGədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub
NövbətiNaxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edilib