Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin dayağıdır

Artıq 30 ildən çoxdur ki, Azərbaycan müstəqil dövlətdir. Ötən bu müddət ərzində gender bərabərliyi, qadın hüquqlarının qorunması, onların siyasi, iqtisadi azadlıqları aktual məsələ olmuş və bu istiqamətdə bir sıra uğurlar əldə edilib.

Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində qadınların ictimai-siyasi həyata daha fəal transformasiyası, onların idarəetmədə təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş qanun layihələri, dövlət proqramları və çoxtərəfli fəaliyyət, eləcə də Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüskarlığı və diqqəti nəticəsində yeni bir mərhələyə yüksəlib. Azərbaycanda gender bərabərliyinin təşviq olunması, bütün səviyyələrdə qadın və qızların səlahiyyətlərinin genişləndirilməsi üzrə güclü siyasi çərçivələr müəyyən edilib. Güclü qanunvericilik bazası yaradılıb. Qeyd etmək lazımdır ki, davamlı olaraq qanunvericilik bazası təkmilləşdirilir. Həmçinin qadın və qızların texnologiyalardan istifadə imkanları genişləndirilir. Ümumi məqsədlər naminə dayanıqlı inkişafı canlandırmaq, cəmiyyətə və insanlığa böyük fayda vermək üçün qadınların siyasi və iqtisadi qərarların qəbulu proseslərində iştirakı daha da artırılmalıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova söyləyib.

Komitə sədri bildirib ki, Azərbaycan qadını ənənələri, milli dəyərləri, müasir çağırışları, intellekti və sosial fəallığı özündə cəmləşdirir. Onlar yalnız xalqımızın mənəvi, mədəni ənənələrin qoruyucusu deyil, həm də həyatın bütün sahələrində mühüm rol oynamaqla müstəqil dövlətimizin inkişafına öz töhfələrini verirlər. Azərbaycan əhalisinin 50 faizini qadınlar təşkil edir. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,7 faizi, orta ixtisas təhsil müəssisələrində 80,9 faizi, ali təhsil müəssisələrində 54 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,5 faizi, orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,6 faizi, ali təhsil müəssisələri tələbələrinin isə 49,3 faizi qızlardır.

Qeyd olunub ki, Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının artması, onların kiçik və orta sahibkarlıqda geniş təmsilçiliyi sosial-iqtisadi inkişafın, o cümlədən məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir. Əsas məqsəd qadınlarda özünəinam hissini artırmaq, həm öz icmasına, həm də cəmiyyətə töhfə verə bilməsinə şərait yaratmaqdır.

“Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,3 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 27,5 faiz, fərdi sahibkarlar arasında isə 21,4 faizdir. Azərbaycan Qadın Sahibkarlar Assosiasiyası fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyinin tabeliyində olan Sahibkarlığın İnkişafı Fondu tərəfindən son 17 ildə 4421-dən çox qadın sahibkara 84,3 milyon manat kredit verilmiş, o cümlədən qadın sahibkarlara verilmiş güzəştli kreditlər hesabına 7094 yeni iş yeri açılıb. Ölkə əhalisinin maska tələbatı yerli istehsal hesabına ödənilir ki, burada da qadın sahibkarlar aktiv fəaliyyət göstərir. Nadir layihələrdən biri də əhalinin özünüməşğulluğuna kömək göstərilməsidir. Bu məqsədilə keçirilən layihələrdə uğur qazanmış iştirakçıların 40 faizdən çoxunu qadınlar təşkil edir. Onlar əvvəlcə təlim keçir, biznes plan yazmağı öyrənirlər. Ən real və optimal layihə maliyyələşdirilir. Uğurlu layihələrdən biri də ABAD layihəsidir. Azərbaycan Kənd Qadınları Assosiasiyası qadınların regional və ölkə səviyyəsində şəbəkələşməsi prosesinə öz mühüm töhfəsini verir.

Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 18,5 faizə çatıb. Dövlətimizin müstəqillik tarixində ilk dəfə Milli Məclisin sədri qadın seçildi. 2004-cü ildə bələdiyyə orqanlarında qadınlar 4 faiz təşkil edirdisə, 2019-cu ildə bələdiyyəyə seçilən qadınların xüsusi çəkisi 39 faiz olub. Hazırda prokurorluq orqanlarında qadınların sayı artmaqdadır. Qadın hüquqlarının müdafiəsi ilə əlaqədar fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının sayı artıb”, – deyə H.Hüseynova vurğulayıb.

O deyib ki, Azərbaycanda qadınların elmin inkişafında da müstəsna rolu var. Elmi işçilərin 57,6 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,4 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır. Bu gün bütün dünyada və eləcə də ölkəmizdə əsas məsələlərdən biri “qadın bütün ixtisaslara yiyələnə bilər” trendini yaratmaqdır. Təşviqat işlərinin nəticəsi olaraq artıq İKT-yə aid ixtisas seçən qızların sayı artmaqdadır. Və bizim çox gözəl nümunələrimiz var. Onların bilikləri, bacarıqları, yüksək professionallıqları ilə hər kəsi heyrətləndirirlər. 2005-ci ildə 432 qadın maliyyə və sığorta fəaliyyəti ilə məşğul olurdusa, 2020-ci ildə bu say 10226 nəfərə çatmışdır. Və ya 2005-ci ildə peşə, elmi və texniki fəaliyyət ilə 14 811 qadın məşğul olurdusa, 2020-ci ildə onların sayı 25 503 olmuşdur. Ölkədə 2019/2020-ci tədris ili üzrə texniki və texnoloji ixtisaslar qrupu üzrə bakalavr səviyyəsində təhsil alan qızların sayı 10 mini ötmüşdür (10 312). Bu ixtisas üzrə magistratura sahəsində təhsilini davam etdirən qızların 3000 minə yaxınlaşmışdır. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır. ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın 11-də videokonfrans formatında keçirilən tədbirdə Birinci vitse-prezident Mehriban xanım Əliyeva qeyd etmişdir ki, elm, texnologiya və innovasiya dünyada cəmiyyətlərin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsidir. ICESCO-nun xoşməramlı səfiri olaraq bu sahələrə daha çox sərmayə yatırmağa, habelə zəruri siyasət və birgə fəaliyyət planları işləyib hazırlamağa dair çağırış edən Mehriban xanım Əliyeva qadın və qızların bu istiqamətdə fəaliyyətinin gücləndirilməsini xüsusi vurğulamışdır.

“Azərbaycan qadınları bütün sahələrdə istər pandemiya, istərsə də müharibə dövründə fəal iştirak etdilər. Qadınlarımız təşkilatlanaq pandemiya zamanı həssas ailələrə, Vətən müharibəsi zamanı orduya, erməni terrorundan əziyyət çəkən insanlara kömək edirdilər. Hazırda 30 ilə yaxın erməni işğalına məruz şəhər və kəndlərimiz yenidən qurulur. Prezident İlham Əliyevin dediyi kimi, bu gün prioritet məsələ Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır, bütün qüvvələr buna səfərbər edilmişdir. Hazırda qadınlarımızın cəmiyyətin bütün sahələrinə daha fəal cəlb edilməsi üçün yeni perspektivlər, reallıqlar yaranmışdır. Əlbəttə, onlar bu prosesdən kənarda qala bilməzlər və qalmırlar. Bir sözlə, Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığının təminatlarından biridir. Bir daha analarımızı, bacılarımızı, qızlarımızı bu gözəl bayram münasibəti ilə ürəkdən təbrik edir, hamıya xoş arzularımı bildirirəm. Hər gününüz sizə sevinc, şadlıq gətirsin, güclü olun. Sizin hər uğurunuz Azərbaycanın daha da güclənməsi və firavanlığı yolunda bir addımdır”, – deyə komitə sədri fikirlərini tamamlayıb.

Əvvəlki“TikTok” Rusiyada qismən fəaliyyətini dayandırır
NövbətiMüdafiə Nazirliyinin məlumatı