Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində müxtəlif istiqamətlərdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu, Azərbaycanın bu Təşkilatın fəaliyyətində rolu yüksək qiymətləndirildi.

Torpaqlarımızın Ermənistan tərəfindən işğalı zamanı və Vətən müharibəsi dövründə Təşkilatın Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstəyin əhəmiyyəti bir daha vurğulandı.

Bağdad Amreyev işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşaya səfərlərini məmnunluqla xatırladı. Qonaq yaxın günlərdə Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin informasiya və yüksək texnologiyalar nazirlərinin də toplantısının keçiriləcəyini və həmin toplantıda iştirak edən nazirliklərin təmsilçilərinin “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına da qatılacaqlarını diqqətə çatdırdı. O, həmçinin iyunda Şuşada Türk Dövlətləri Təşkilatı çərçivəsində genişmiqyaslı biznes forumun keçirilməsi niyyətinin olduğunu diqqətə çatdırdı, Türk dünyasından olan özəl şirkətlərin və iş adamlarının Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən quruculuq layihələrinə böyük maraq göstərdiklərini bildirdi. Bağdad Amreyev Şuşanın 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunduğunu qeyd etdi, bu baxımdan Azərbaycan ilə birlikdə Şuşada çoxsaylı mədəniyyət tədbirlərinin keçiriləcəyini dedi.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatı tərəfindən Şamaxı şəhərinin 2023-cü il üçün Türk Dünyasının Turizm Paytaxtı seçilməsinin əhəmiyyəti qeyd edildi və Bağdad Amreyevin Şamaxıya səfərinin türk dövlətləri arasında turizm sahəsində də əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.

ƏvvəlkiSamir Məmmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib
NövbətiErmənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiya formatında ilk iclasın keçirilməsini alqışlayırıq – Şarl Mişel