Prezident İlham Əliyev: Biz idman sahəsində də qabaqcıl ölkələrin sırasındayıq və bu liderliyi qorumalıyıq

Bizim idmançılar uzun illərdir Azərbaycanı dünyada təbliğ edirlər. Mən dəfələrlə idman ictimaiyyəti ilə görüşlər əsnasında deyirdim ki, idman bizim dövlət siyasətimizdir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Çünki əgər beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha da böyük uğurlar qazanırlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən bildirib.

“Biz nəinki iqtisadi və digər sahələrdə, idman sahəsində də qabaqcıl ölkələrin sırasındayıq və bu liderliyi qorumalıyıq. Təsadüfi deyil ki, beynəlxalq idman qurumları Azərbaycana çox böyük rəğbətlə yanaşırlar. Belə olmasaydı, Azərbaycanda iki dünya səviyyəli tədbir keçirilməzdi – həm Avropa Oyunları, həm də İslam Həmrəyliyi Oyunları. Bir ölkədə, bir şəhərdə cəmi iki il ərzində iki böyük tədbirin keçirilməsi beynəlxalq idman ictimaiyyətinin, federasiyalarının bizə olan münasibətinin əlamətidir”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev deyib ki, ölkəmizin həm imkanları, həm Azərbaycanda qonaqpərvərlik, idman infrastrukturunun mövcudluğu sayəsində biz bütün istənilən idman yarışını keçirə bilərik: “Yəni, bütün bu şəraiti biz yaratmışıq ki, həm idmançılar dövlətimizin şöhrətini həmişə yüksəkliklərdə saxlasınlar, həm də idman kütləvi xarakter alsın. Gənclər və idman naziri qarşısında, yeni rəhbərlik qarşısında qoyduğum vəzifələrdən biri də məhz budur – idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək”.

ƏvvəlkiUkraynanın əməkdar artisti Kiyevdə raket hücumu zamanı həlak olub
NövbətiQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində tədbir keçirilib