Pentaqon: “ABŞ İranın regionda yaratdığı problemin fərqindədir”

“ABŞ İranın özlüyündə regionda yaratdığı problemin fərqindədir”.

“Report” xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander bildirib.

Onun sözlərinə görə, ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün mütəmadi müvafiq addımlar atır:

“İndi bunun üzərinə Rusiya və İran arasında müdafiə sahəsində əməkdaşlığa aid olan narahatlıq doğuran hərəkətlər də gəlir. Amma bu, bizim problemlə bağlı qiymətləndirməmizi əsaslı şəkildə dəyişmir”,

Pentaqon rəsmisi əlavə edib ki, ABŞ hakimiyyəti bir çox ölkələrlə Rusiya və İran arasında hərbi-texniki əməkdaşlığı müzakirə edir:

“Onlar hesab edirlər ki, Yaxın Şərq dövlətləri Moskva və Tehran arasında əməkdaşlıqdan narahat olmalıdırlar. Birləşmiş Ştatlar Rusiya-İran əməkdaşlığının yaratdığı çətinliklərdən xəbərdar etmək üçün bir çox ölkələrlə diplomatik yolla işləyir. Bu təkcə Ukrayna vətəndaşları üçün təhlükə yaratmır, həm də Tehrana dəstək verməklə İranın bədxah fəaliyyətlərini artıra bilər. Yaxın Şərq ölkələri ilə söhbətimiz budur ki, onlar diqqət etməli, bundan narahat olmalıdırlar və mümkün olan yerlərdə buna qarşı çıxmaq üçün bizimlə çalışmalıdırlar”.

ƏvvəlkiUEFA prezidenti Azərbaycana təşəkkür edib
Növbəti“PAŞA Holding” və onun törəmə şirkətləri Türkiyəyə dəstək məqsədilə 1 milyon dollar ianə edib