Paytaxtdakı avtobus və taksilərdə şəffaf arakəsmələrin quraşdırılmasına başlanılıb

Koronavirusa qarşı mübarizə məqsədilə paytaxtın ictimai nəqliyyat sistemində qabaqlayıcı tədbirlər davam etdirilir. Bu çərçivədə avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf arakəsmələrin quraşdırılmasına başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, artıq 200 avtobusda bu cür arakəsmələrin quraşdırılması təmin edilib. Quraşdırma işləri əsasən axşam saatlarında avtobuslar qaraja qayıtdıqdan sonra həyata keçirilir.

Həmçinin sərnişindaşımalara cəlb edilən 553 avtobusda istehsalçı tərəfindən müvafiq standartlara uyğun sürücü kabinləri mövcuddur. Bunlar əsasən “BakuBus” və “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan avtobuslardır. Avtobuslarla yanaşı taksi minik avtomobillərində də şəffaf arakəsmələr quraşdırılır. Ötən gün 300 taksi minik avtomobilində quraşdırma işləri yekunlaşıb.

Koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərdən irəli gələn işlərin icrası çərçivəsində maska taxılmasını, sosial məsafə saxlanılmasını və piyada gəzməyi təşviq edən maarifləndirici materiallar da hazırlanır. Həmin materiallar əsasən avtobuslarda, dayanacaq pavilyonlarında, nəqliyyat mübadilə mərkəzlərində yerləşdiriləcək.

Əvvəlkiİranda zəlzələ nəticəsində 20-dən çox insan xəsarət alıb
NövbətiPeşə ixtisası üzrə dərsliklər artıq elektron portala yerləşdirildi