Pərviz Şahbazov: “Şahdəniz”dən indiyə kimi 160 milyard kubmetrə yaxın qaz hasil edilib”

Cənub Qaz Dəhlizinin əsas resurs mənbəyi olan “Şahdəniz” yatağından indiyə kimi 160 milyard kubmetrə yaxın qaz hasil edilib və bu yatağın ehtiyatları isə 1 trilyon kubmetrdən çoxdur.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu energetika naziri Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun (GECF) tədbirlərində iştirak etmək üçün Dohada səfərdə olarkən GECF-in Baş katibi Məhəmməd Hamel ilə görüşündə bildiriib.

“Yatağın təsdiq olunmuş və proqnozlaşdırılan ehtiyatları da nəzərə aldıqda Azərbaycanın qaz ölkəsi kimi inkişafı üçün böyük imkanlar var”,- nazir deyib.

Görüşdə qlobal qaz bazarındakı hazırkı tendensiyalar, Azərbaycan və GECF arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivlər nəzərdən keçirilib.

Energetika naziri bildirib ki, Azərbaycan 21-ci əsrin ən nəhəng layihələrindən birini – Cənub Qaz Dəhlizini reallaşdırıb. Bu dəhliz vasitəsilə Avropa bazarına daxil olub və istehlakçıların etibarını qazanıb. Nazir Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivlərinə də toxunaraq, bu məqsədlə zəruri addımlar və Azərbaycanın qaz ehtiyatlarından bəhs edib.

“Ölkəmiz bundan sonra da regional və qlobal enerji təhlükəsizliyinin təminatında səylərini, həmçinin Forum ilə əməkdaşlığı və dialoqu davam etdirməyə hazırdır”, – Pərviz Şahbazov vurğulayıb.

Baş katib Məhəmməd Hamel isə deyib ki, təbii qaz növbəti onilliklərdə enerji keçidi prosesində həlledici rol oynayacaq. Təbii qaz enerji yoxsulluğu, enerji təhlükəsizliyi və ətraf mühitlə bağlı məsələlərin həllini təmin edir. Bu aspektdə Forum çərçivəsində qaz sektoruna dəstəyi təmin edən əməkdaşlığın vacibliyi qeyd edilib. GECF-in Baş katibi Azərbaycanın qaz təchizatının dayanıqlığında rolunu qeyd edərək, ölkəmizin forumun mühüm iştirakçılarından biri olduğunu bildirib. O, həmçinin Azərbaycan Prezidentinin “OPEC plus” formatının yaradılması prosesinə töhfələrini yüksək qiymətləndirib.

ƏvvəlkiPrezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
NövbətiPrezident İlham Əliyev: Azərbaycan Birləşmiş Krallıq ilə dostluq və əməkdaşlığa xüsusi əhəmiyyət verir