Özbəkistanda Azərbaycanın turizm potensialına dair təqdimat mərasimi keçirilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi və “Prestige Travel” şirkətinin təşkilatçılığı ilə Daşkənddəki “Wyndham” otelində Azərbaycanın turizm potensialına dair təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çoxsaylı qonaqlar, turizm şirkətlərinin, müxtəlif otel və sanatoriyaların təmsilçiləri, jurnalistlər iştirak ediblər.

Əvvəlcə qonaqlar “Odlar yurduna səyahət” adlı fotosərgiyə və milli mədəniyyətimizə dair suvenirlərin yer aldığı sərgiyə baxıblar. Sərgidə Azərbaycan təbiəti və turizm imkanlarına dair şəkillər yer alıb.

Azərbaycanda fəaliyyət göstərən “Prestige Travel” şirkətinin direktoru Səbinə Məmmədova ölkəmizin turizm imkanlarına dair məruzə ilə çıxış edib. O, öz çıxışında son illər özbək turistlərin ölkəmizə marağının artması, iki ölkə arasında hava əlaqəsinin çoxalması, Bakıdan Daşkəndə reyslərin artırılması ilə yanaşı, tarixi Səmərqənd şəhərinə də reyslərin açılmasının turizmin inkişafına öz təsirini göstərdiyini bildirib.

Səbinə Məmmədova deyib ki, keçirilən təqdimat mərasiminin əsas məqsədi Özbəkistandan olan turizm həvəskarlarını Azərbaycanın turizm imkanları, paytaxt Bakı ilə yanaşı, regionlardakı istirahət mərkəzləri ilə tanış etməkdir. O, Azərbaycanın regionlarda Naftalan, Lənkəran, Şəki və Qusardakı Şahdağ kimi istirahət-turizm kompleksləri, onlarda yaradılan şərait və imkanlara dair fikirlərini bölüşüb, Özbəkistan vətəndaşları üçün Azərbaycanın maraqlı turizm marşrutu olduğunu bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin Kitabxana-informasiya mərkəzinin müdiri Kifayət Pirməmmədova “Odlar yurdu Azərbaycan” adlı təqdimatla çıxış edib, ölkəmizin təkrarsız təbiəti, mədəniyyəti, mətbəxi, zəngin turizm imkanları barədə məruzə ilə çıxış edib.

Məruzələr zamanı Azərbaycanın turizm imkanlarına dair videotəqdimat iştirakçılara nümayiş etdirilib.

Digər natiqlər Özbəkistanda “Prestige Travel” şirkətinin şöbə müdiri Sayora İmanova, “Fly Khiva” şirkətinin nümayəndəsi Aziz Xocayev Azərbaycan-Özbəkistan dostluq əlaqələri, Azərbaycanın iqlimi, təbiəti, abidələri və ölkəmizi səyahət etməyin üstünlüklərindən danışıblar.

Tədbirin bədii hissəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzin Kaykeb Aliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Əvvəlkiİki karateçimiz dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq
NövbətiQırğızıstanda fövqəladə vəziyyət rejimi ləğv edilir