Overçuk: “Bu il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 5 milyard dollara çata bilər”

Bu il Rusiya və Azərbaycan ticarət dövriyyəsini 5 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk “Rusiya-İslam Dünyası: KazanForum” beynəlxalq iqtisadi forumunda deyib.

“Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi durmadan artır. Məsələn, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 170 milyon ABŞ dolları təşkil edib. Bu, çox ciddi artım idi. Söhbət təxminən 24,5 %-lik artımdan gedir… Bu ildə yaxşı artım templəri müşahidə olunur. Buna görə də bu il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin 5 milyard ABŞ dollarına çata biləcəyini gözləyirik”, – A.Overçuk bildirib.

2022-ci ildə Rusiya ilə ticarət əməliyyatlarının payı Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 8,83 %-ni təşkil edib.

2021-ci ilin yekunlarına görə, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2020-ci illə müqayisədə 12,1 % artaraq 2,99 milyard ABŞ dollarına çatıb.

ƏvvəlkiABŞ Rusiya, Ermənistan və Qırğızıstanın 71 şirkətinə ixrac məhdudiyyəti qoyub
NövbətiGöygöldə ağacəkmə aksiyası və balıq buraxılışı həyata keçirilib