Ötən il narkotik istifadəçisi olan 20, spirtli içki aludəçiliyinə görə 10 polis işdən çıxarılıb

Daxili İşlər Nazirliyi (DİN) 2018-ci il ərzində daxili işlər orqanlarında nizam-intizama və qanunçuluğa riayət olunması ilə bağlı statistik məlumatları açıqlayıb.

Nazirliyin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, ötən il ərzində nümunəvi xidmətlərinə, o cümlədən, ictimai asayişin mühafizəsində, cinayətkarlığa qarşı mübarizədə əldə etdikləri nailiyyətlərə görə daxili işlər orqanlarının 15 715 əməkdaşı mükafatlandırılıb.

Daxili işlər orqanları üzrə istər xidmətdə, istərsə də xidmətdən kənar vaxtlarda nizam-intizam qaydalarının, həmçinin, qanunçuluğun tələblərinin pozulması hallarına yol verdiklərinə görə 5103 nəfər əməkdaş cəzalandırılıb.

2018-ci ildə daxili işlər orqanları əməkdaşları tərəfindən qanun pozuntusuna yol verilməsi ilə bağlı 370 fakt qeydə alınıb, buna görə 487 nəfər əməkdaş müvafiq qaydada cəzalandırılıb, onlardan 92 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric olunub.

O cümlədən, polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı 297 fakt qeydə alınıb, bu cür neqativ hərəkətlərinə görə 400 nəfər əməkdaş intizam məsuliyyətinə cəlb olunub, onlardan 27nəfəri daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Ümumilikdə, 296 nəfər əməkdaş mənfi motivlərlə, o cümlədən narkotik vasitələrdən qanunsuz istifadə etdiklərinə görə 20 nəfər, spirtli içkilərə aludəçilik etdiklərinə görə isə 10 nəfər əməkdaş daxili işlər orqanlarında xidmətdən xaric olunub.

ƏvvəlkiŞəxsiyyət vəsiqəsi alan Azərbaycan vətəndaşları məcburi dövlət daktiloskopik qeydiyyatından keçiriləcək
NövbətiHeydər Əliyev Fondu Ayaz Mütəllibovun həyat yoldaşının yas mərasiminin təşkilati məsələlərini üzərinə götürüb