OPEC+ hasilatla bağlı qərar verdi, Azərbaycan da razılaşdı

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 25-ci iclasında qlobal neft bazarında balansın təmin edilməsi məqsədilə gündəlik neft hasilatının 400 min barrel artırılması planının martda davamına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.

Bu barədə Banker.az-a Azərbaycanın Energetika Nazirliyindən bildirilib.

Qeyd edilib ki, yeni razılaşma Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin martında daha 7 min barrel artırılaraq 675 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 43 min barrel həcmində olmasını nəzərdə tutur.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5,8 milyon barrel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və maydan etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar qəbul edilmişdir.

ƏvvəlkiQHT gəncləri ödənişsiz təlimlərə dəvət edir
NövbətiQHT kommunal sahədə baş verən korrupsiyanı araşdıracaq