Neftçalada avtomobil marketə çırpılıb, ölən və xəsarət alanlar var

Neftçalada ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Aşağı Surra kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Xıllı qəsəbə sakini İbrahim İbrahimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil əvvəlcə yolun kənarında dayanmış “KİA” markalı avtomobilə, sonra isə mağazaya çırpılıb. Hadisə zamanı “VAZ-2106”-nın sərnişinləri, Xıllı qəsəbə sakinləri – 43 yaşlı Mədinə Babayeva, 3 yaşlı Nərminə Babayeva və 7 yaşlı Ləman Məmmədova müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, L.Məmmədova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.