Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris ili başlayıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədis ilinə uzlaşma planı”na əsasən Qarnizon Qoşunlarında yeni tədris ilinə start verilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, yeni tədris ilinin ilk həftəsi ənənəvi olaraq birləşmə və hərbi hissələrdə müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyət tərəfindən vəzifələrin öyrənilməsi, bölmələrin tapşırıqlarının dəqiqləşdirilməsi və müxtəlif variantlar üzrə məşq etdirilməsi ilə başlayıb.

Naxçıvan Qarnizonunda qoşunların və qərargahların birgə fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə yaradılmış koordinasiya qrupu xəbərdaretmə və məlumat mübadiləsində çevikliyin təmin edilməsi, daxil olmuş əməliyyat məlumatlarının qəbulu, təhlili, operativ analizi və hər bir siqnal üzrə yerinə yetirilən fəaliyyətlərin alqoritminin müzakirəsi və təkmilləşdirilməsi məqsədi ilə qoşunlarda olub. Birləşmə və hissələrin fəaliyyətinə nəzarət edən koordinasiya qrupu mövcud problemləri qeyd edib, onların qısa müddətdə aradan qaldırılması üçün birləşmə və hərbi hissə komandirləri ilə tapşırıqlar yerindəcə dəqiqləşdirilib.

Qarnizonun döyüş hesabatına uyğun olaraq qoşunların xəbərdar edilməsi, həyəcan siqnalı ilə qaldırılması, cəmləşmə rayonlarına çıxarılması, gizli idarə olunması və qəfil ortaya çıxan tapşırıqların icrası üzrə məşqlər və təlimlər müxtəlif səviyyələrdə növbəti bir neçə gündə də davam edəcək.

ƏvvəlkiSürücülər artıq avtobus zolağının tələbinə əməl etməyə başlayıblar
Növbəti2 fevral – Azərbaycan Gəncləri Günüdür