Mingəçevir Dövlət Universitetində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Bilik Günü münasibətilə tədbiri keçirilib. Universitetin həyətində təşkil olunan təntənəli tədbirdə şəhid ailəsi üzvləri, MDU-nun akademik və inzibati heyəti, tələbələr, magistrantlar və onların valideynləri ilə yanaşı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə və digər qonaqlar iştirak ediblər.

MDU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov yeni tədris ilinin başlanması münasibətilə universitetin bütün kollektiv üzvlərini, tələbə və magistrantları təbrik edib. 2023/2024-cü tədris ilində MDU-nun tələbəsi adını qazanan birinci kursları, onların valideyn və müəllimlərini təbrik edən rektor bu ali təhsil müəssisəsini seçdikləri üçün universitet kollektivi adından onlara təşəkkürünü çatdırıb.

“Heydər Əliyev İli”ndə qeyd olunan hazırkı Bilik Gününün xüsusi əlamətdarlıq kəsb etdiyini diqqətə çatdıran Ş.Bayramov əsası Ümummilli Liderimiz tərəfindən qoyulan Azərbaycanın hərtərəfli inkişaf strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ictimai həyatın bütün sahələrində olduğu kimi, ali təhsilin inkişafına da yüksək dövlət qayğısı göstərildiyini bildirib.

Cari tədris ilində MDU-da 5 şəhid övladının təhsil alacağını qeyd edən rektor tələbələrin vətənpərvərlik ruhunda yetişdirilməsinin universitetin əsas missiyalarından, Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın, o cümlədən MDU-nun şəhid məzunlarının əziz xatirələrinin hər zaman uca tutulmasının şərəfli vəzifələrdən olduğunu vurğulayıb.

Universitet kollektivini və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” ifadəsini səsləndirərək təhsilin cəmiyyətdə əvəzsiz rolundan bəhs edib.

Milli Məclisin üzvü Aydın Mirzəzadə universitet rəhbərliyini, professor-müəllim və tələbə heyətini təbrik edərək MDU-nun milli ali təhsil məkanında mövqeyinin güclənməsindən və Mingəçevir şəhərinin ictimai həyatı üçün əhəmiyyətindən danışıb. Hazırda universitetin növbəti mərhələdə inkişafı üçün yeni imkanların yarandığını vurğulayıb.

Şəhid ailəsi üzvlərinin adından çıxış edən şəhid Yasən Əhmədovun həyat yoldaşı Aygün Əhmədova MDU-da şəhidlərin əziz xatirəsinin daim yad edilməsindən, şəhid məzunların və övladları bu ali təhsil müəssisəsində təhsil alan şəhidlərin ailə üzvlərinə göstərilən diqqətdən məmnunluğunu ifadə edib. Hər iki övladının MDU-da təhsil aldığını diqqətə çatdıran A.Əhmədova tələbələrin ixtisaslı kadr kimi yetişdirilməsi üçün yaradılan şəraitin təqdirəlayiq olduğunu bildirərək onlara uğurlar arzulayıb.

Sonra MDU üzrə bakalavriat səviyyəsinə qəbul imtahanlarında ən yüksək (648 bal) bal toplayan Şəmsiyyə Mustafayeva, magistraturaya qəbulda ən yüksək (91 bal) nəticə göstərən Məleykə Əhmədova və şəhid Niyazi İsgəndərovun övladı Ömər İsgəndərov çıxış edərək tələbə həmkarlarına uğurlar arzulayıb, onlar üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə və müəllimlərinə təşəkkürlərini bildiriblər. Adı çəkilən tələbələrə xatirə hədiyyələri təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib.

ƏvvəlkiNaxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edilib
NövbətiHeydər Əliyev Fondu Qax şəhərində V.Əliyev adına 3 nömrəli məktəbi istifadəyə verib