Milli birlik – mövcudluğumuzun əsasıdır

Vətənpərvər və millətsevər soydaşlarımız COVID-19 pandemiyası dönəmində Azərbaycan Respublikasının üzləşdiyi problemlərin dərinliyini, Dövlətimiz və Millətimiz üçün mümkün risklərinin verə biləcəyi təhlükəli nəticələri dərk etməlidir. Erməni işğalçıları ilə hər zaman başlaya biləcək müharibə şəraitində üzləşdiyimiz epidemiya, digər tərəfdən, pandemiya ilə əlaqədar dünya iqtisadiyyatının tənəzülə uğraması, regionumuzda və qonşu bölgələrdə siyasi və hərbi xaos təhlükəsi günümüzün reallığıdır. Bu reallıqla üzləşmiş ölkələrin siyasi liderləri gündəmin çağırışları ilə ayaqlaşmasa, vaxtlı vaxtında operativ ölçülər götürməsə, öz xalqlarını və dövlətlərini fəlakətə sürükləyəcəklər. Yaxın və uzaq ölkələrin üzləşdiyi fəlakətlər qeyd etdiyimiz mətləblərin gerçək əsaslara dayaqlandığını göstərir.

Bu reallıqlar fonunda Azərbaycandakı durum tam fərqlidir. Çox az sayda dünya dövlətləri və xalqları belə bir çətin durumda düzgün və realist yol seçdiklərini nümayiş etdirə bilərlər. Və çox qürurvericidir ki, Azərbaycan siyasi və iqtisadi sabitliyini qorumuş, öz imkanlarından rasional və operativ istifadə edərək dayanıqlı müqavimət sistemini qurmuş dövlətlər siyahısındadır.

Bütün bunlar isə, ilk növbədə dövlət başçımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin operativ şəkildə prinsipial və müdrik siyasəti nəticəsində təzahür etmişdir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu siyasət yalnız indiki dövrdə sərgilənməyib. Son illərdə Milli Birliyə və Həmrəyliyə yönəli siyasi konsepsiyanın gerçəkləşməsi öz həyatiliyini və dövrün çağırışlarına adekvatlığını göstərməkdədir.

İstər COVİD-19 pandemiyasından əvvəl, istərsə də pandemiya ilə əlaqədar xüsusi karantin rejimində Milli Maraqlarımızın təmini, Dövlətimizin və Millətimizin varlığı ilk növbədə Milli Birlikdən asılıdır. Bu istiqamətdə Prezidentin və Birinci vitse-prezidentin atdığı addımlar ibrətamizdir. Hələ COVİD-19 pandemiyasından əvvəl illər uzunu baxımsızlıqdan, diqqətsizlikdən yaşamaq üçün yararsız hala düşmüş Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin yaşadığı mənzilin Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə yüksək səviyyədə təmir olunması, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondunun bədbəxt hadisə nəticəsində ağır xəsarətlər almış hüquq müdafiəçisi Oktay Gülalıyevin müalicəsini üzərinə götürməsi, daha sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin birbaşa təşəbbüsü ilə respublikadakı siyasi partiyalarla dialoq təşəbbüsü Azərbaycanın siyasi həyatında Milli Həmrəyliyin təmininə hesablanmış növbəti açılıma işarə idi.

Pandemiya ilə əlaqədar xüsusi karantin rejimində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Milli Birliyin və Həmrəyliyin təmini istiqamətində yürütdüyü prinsipial siyasətin təzahürü kimi səhhətində ciddi problemlərlə üzləşmiş Azadlıq Partiyasının sədri Əhməd Orucun müalicəsi üçün onun ailəsinə göstərdiyi dəstəyi misal çəkmək olar. Təqdirəlayiq tədbirlər fonunda Azərbaycanda daha iki siyasi partiyanın rəsmi qeydiyyatı da Milli Həmrəyliyin və Milli Demokratiyanın təmini istiqamətində ardıcıl prinsipial siyasətin nəticələri kimi dəyərləndirilməlidir. Azərbaycan Ali Məhkəməsi tərəfindən Real lideri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərovun bəraət alması aparılan köklü kadr siyasəti və struktur islahatların nəticəsidir.

Azərbaycanın dramatik bir dövründə Prezident İlham Əliyev siyasi baxışlarından asılı olmayaraq vətəndaşlarımızın təhlükəsizliyinin və rifahının təmin edilməsini həyatının yeganə məqsədi edən əsil Milli Lider keyfiyyətlərini sərgilədi.

Sözsüz ki, Azərbaycanda fikir azadlığıdır və hər bir kəs istənilən mövzuya öz şəxsi münasibətini bildirmək hüququna malikdir. Amma istənilən mövzuda fikir bildirmək üçün normal məntiqə malik respublika vətəndaşı da faktlardan çıxış etməlidir.

COVİD-19 pandemiyası ilə mübarizə üçün Azərbaycan hökumətinin atdığı bütün addımları, xüsusilə, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını, ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə pandemiyanın mənfi təsirinin azaldılması məqsədilə dövlət büdcəsindən 1 milyard manat, zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün 97 milyon manat vəsaitin ayrılmasını, yaşı 65-dən yuxarı olan 176 məhkumun əfv olunmasını, hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılmasına başlanılmasını, koronavirusa yoluxan xəstələrin müalicəsi məqsədilə 575 çarpayılıq yeni tibbi müəssisənin və ölkədə tibbi maskaları istehsal edən müəssisənin istifadəyə verilməsini və d. — təqdirəlayiq operativ fəaliyyətin bariz nümunəsidir. Bu tədbirlər dünyanın bir çox ölkələri ilə müqayisədə daha çevik və operativ atılmış düzgün addımlardır. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış məktubda koronavirusla mübarizə sahəsində Azərbaycanda görülmüş işlər yüksək qiymətləndirilmişdir.

Sözsüz ki, müəyyən qüsur və səhvlər var və bunlar qaçılmazdır. Məhz, söz azadlığı, sosial şəbəkələr və KİV bu cür mümkün qüsur və çatışmazlığın qeyd edilməsi və sivil yol ilə aradan qaldırılması üçün bütün demokratik dövlətlərdə özünü tarixən doğrultmuş real məkan yaradır. Lakin qısa zamanda və vətəndaşlarımızın  nəhəng zəhməti hesabına gerçəkləşdirilmiş tədbirləri görməzdən gəlmək, dünya dövlətçilik təcrübəsi üçün də xarakterik olan ortaya çıxan problemləri sivil yol ilə həlli üçün təkliflər sürmək, müvafiq dövlət orqanlarına müraciət və şikayət etmək əvəzinə ucuz vay-şüvənlik salmaq yalnız iki mətləbdən xəbər verə bilər: bu, ya psixi problemlərdən qaynaqlanır, ya da bu cür vay-şüvənlik məqsədli təxribatdır.

Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli və d. bir neçə nəfərdən ibarət qrupcuğun bu günlər sərgilədiyi şounu yalnız subyektiv məqsədli təxribat adlandırmaq olar. Siyasətdə hələ də özünə yer tapmayan və yalnız ucuz şoulara meylli bu cinah üzvlərinin məqsədi də aydın deyil. İlk növbədə, bu hay-şüvənlik Azərbaycan cəmiyyətində ciddi əks-səda tapmır. Çünki mövcud problemlərin sivil həlli üçün yetərli sosial mexanizmlər yaradılıb. Küçələrə çıxıb dövlət orqanlarının işini paralizə etmək, kütləvi etiraz aksiyaları — ilk növbədə COVİD-19 virusuna kütləvi yoluxmaq deməkdir. İkincisi, “ermənistan” adlı dövlətin yüksək rəsmisinin bu yaxınlarda sərgilədiyi mövqedən görünür ki, irqi düşmənlərimiz Azərbaycan Dövlətinin və Xalqının fiziki məhv edilməsi üçün şans gözləyirlər. Psixi cəhətdən normal Azərbaycan vətəndaşı bu təhlükəli və mənasız şoularda iştirak edib, düşmə dəyirmanına su tökməz.  

Üçüncüsü, əgər bu cür çağırışlarla Qərb dövlətlərinin və ya Avropa strukturlarının diqqətini cəlb edib nəyəsə nail olmaq məqsədləri varsa, bu, boş xəyaldır. Çünki Qərbi bölgədə yalnız ermənilərin tələblərinin təmini, o cümlədən, erməni işğallarının davamı və qanuniləşdirilməsi maraqlandırır.

Bütün bunları qeyd etdiyimiz “Milli Şura” adlı qrupun bütün üzvləri anlayırlar. Belə olduqda onların bu vay-şüvəninin bir məqsədi var — şəxsi mənafelərin ödənilməsi. İndi 80-ci illərin sonu, 90-cı illərin əvvəli deyil ki, merkantil maraqları ilə idarə olunan siyasətbazlar geniş kütlələrin dəstəyini alsın.

Biz millətçi olaraq, bu dramatik situasiyada operativ qəbul edilmiş tədbirləri özündə əks etdirən siyasəti dəstəkləyirik. Həmişə olduğu kimi də Milli Birlik tərəfdarıyıq. Çünki Azərbaycan okeanın ortasındakı hansısa adada deyil, Millətimizi və Dövlətimizi yer üzündən silməyə çalışan yetərincə güclü, amansız potensial və real düşmənlərlə əhatə olunmuş strateji bir məkanda yerləşir.

Eldar Tağı, Azərbaycan Milli Demokrat Partiyasının sədr müavini, partiya Siyasi Şurasının üzvü, Qarabağ müharibəsi iştirakçısı

ƏvvəlkiAprelin 27-dən fəaliyyəti bərpa olunacaq iş və xidmət sahələri
NövbətiNaqif Həmzəyev məhkumlarla bağlı təklif verib