Messi və Ronaldunun FIFA-nın “The Best” mükafatı üçün kimlərə səs verdikləri bəlli olub

İlin ən yaxşı kişi futbolçusu seçilən Argentina milli komandasının kapitanı Lionel Messinin kimlərə səs verdiyi bəlli olub.

“Report” xəbər verir ki, İspaniya “Barselona”sının hücumçusu FIFA-nın “The Best” mükafatı üçün səsvermədə ilin ən yaxşı futbolçusu kimi seneqallı Sadio Mane (“Liverpul”, İngiltərə) fərqləndirib. O, portuqaliyalı Kriştianu Ronaldu (“Yuventus”, İtaliya) ikinci yerə layiq görüb. Hazırda “Barselona”da komanda yoldaşı olan hollandiyalı Frenki de Yonqun adını isə üçüncü qeyd edib.

Messi ilin ən yaxşı baş məşqçisi sıralamasını bu cür edib: Xosep Qvardiola (“Mançester Siti”, İngiltərə), Maurisio Poçettino (“Tottenhem”, İngiltərə), Marselo Qalyardo (“River Pleyt”, Argentina).

Argetinalı forvardın əzəli rəqibi Ronaldu isə ilin ən yaxşı kişi futbolçusu qismində hazırda “Yuventus”dakı komanda yoldaşı Matteys de Liqti görüb. O, həmçinin Frenki de Yonq və Kilian Mbappeyə (PSJ, Fransa) səs verib.

Ronaldu ilin ən yaxşı baş məşqçisi kimi Portuqaliya millisinə rəhbərlik edən Fernandu Santuşu fərqlənidir. Onun səs verdiyi digər iki mütəxəssis isə Cemal Belmadi (Əlcəzair millisi) və Yugren Kloppdur (“Liverpul”, İngiltərə).

Qeyd edək ki, ilin ən yaxşı kişi oyunçusu argentinalı Lionel Messi (“Barselona”, İspaniya), ən yaxşı qadın futbolçusu isə amerkalı Meqan Rapino (“Reyn”, ABŞ) seçilib. Kişi komandaları üzrə ən yaxşı baş məşqçi adına almaniyalı Yurgen Klopp (“Liverpul”, İngiltərə) layiq görülüb. Qadın komandaları üzrə isə amerikalı Jill Ellis (ABŞ millisi) qalib olub.

ƏvvəlkiPakistanın XİN başçısı Ermənistanı qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağa çağırıb
NövbətiKoreyada 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan olunub