M-1 magistral avtomobil yolunun bir hissəsində aparılan yenidənqurma işləri yekunlaşır

Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən, yük və sərnişin daşınmasında mühüm əhəmiyyət kəsb edən M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Quba istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulması işləri yerinə yetirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təmir-bərpa işləri avtomobil yolunun 52-119.5 kilometrdə 3 hissədə aparılır. Yenidənqurma işləri avtomobil yolunun 52-53.5, 100.25-102.75 və 107-108.25-ci kilometrlik hissələrini əhatə edir.

Sözügedən hissələr üzrə beton örtüyün sökülməsi və kənarlaşdırılması, yararsız materialların qazılması və kənarlaşdırılması, karxana materiallarının daşınması və sərilməsi, yol geyiminin alt qatının sərilməsi və kipləşdirilməsi işləri yekunlaşıb. Hazırda ərazilər üzrə yeni asfalt-beton örtüyün sərilməsi işləri görülür. İşlərin aparıldığı ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərazidə əks istiqamət üzrə nəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təmin edilib.

Əks istiqamət üzrə ikitərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri yerinə yetirilib.

ƏvvəlkiQərbi Azərbaycan İcması İspaniyanın Azərbaycana qarşı düşmənçilik xarakterli bəyanatlarını pisləyib
NövbətiABŞ-ın Beyrutdakı səfirliyi atəşə tutulub