Məhkəmə Ağstafanın sabiq icra başçısı və müavini barəsində qərar verdi

Dünən DTX əməkdaşları tərəfindən saxlanılan Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov barəsində məhkəmə qərar verib.

Enter.News-un verdiyi xəbərə görə, Nizaməddin Quliyevin işinə hakim Aytən Əliyevanın, müavinin işinə isə hakim Rəna Qafarovanın sədrliyi ilə baxılıb. İstintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsində sabiq icra başçısı və müavini barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, dekabrın 18-i Ağstafa icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov saxlanılıb. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.

Onu da əlavə edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Nizaməddin Quliyev tutduğu vəzifədən azad edilib.
ƏvvəlkiABŞ İrana qarşı sanksiyaları region ölkələri üçün istisna etməyəcək
NövbətiDaşkənddə Beynəlxalq multimodal marşrutun inkişafı müzakirə olunub