Daşkənddə Beynəlxalq multimodal marşrutun inkişafı müzakirə olunub

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Türk.az-a verilən məlumata görə,Özbəkistanın paytaxtı Daşkənd şəhərində  beynəlxalq multimodal marşrutun inkişafı üzrə  5 ölkənin-Azərbaycan, Gürcüstan, Qırğızıstan,  Türkmənistan və Özbəkistanın dəmir yolları  rəhbərlərinin birinci çoxtərəfli görüşü olub. 

Görüşdə bu dəhlizin inkişafı üzrə Əlaqələndirmə Komitəsi haqqında əsasnamənin yaradılması və qəbul edilməsi, marşrut üzrə vahid tariflərin hazırlanması və yüklərin daşınması şərtləri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. Multimodal marşrut üzrə pilot tranzit konteyner qatarının 2020-ci ilin ilk rübündə buraxılması nəzərdə tutulub. Dəhlizin əhəmiyyətindən danışan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri  Cavid Qurbanov onun iştirakçı ölkələrə fayda gətirəcəyini bildirib.

Çıxışlardan sonra iştirakçı ölkələr arasında çoxtərəfli və ikitərəfli qaydada Protokollar imzalanıb.

İclas çərçivəsində Azərbaycanla Özbəkistan Dəmir Yolları rəhbərləri arasında görüş keçirilib. Müzakirələr “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “Özbəkistan Dəmir Yolları” Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Xusnutdin Xasilov arasında aparılıb. İkitərəfli görüşdə nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, beynəlxalq nəqliyyat dəhlizlərindən səmərəli istifadə, eləcə də tranzit yüklərinin həcminin artırılması müzakirə olunub. Görüşdə həmçinin bildirilib ki, Azərbaycanla Özbəkistan arasındakı yük dövriyyəsi 2019-cu ilin yanvar-noyabr aylarında 127 min ton təşkil edib, bu da ötən ilin müvafiq dövrünə nisbətən 18,1 min ton çoxdur. Tərəflər yük həcmlərinin qarşılıqlı artırılması və bu marşrutun inkişafına yönəlmiş tədbirlərin təşkilinə dair razılığa gəliblər.

ƏvvəlkiMəhkəmə Ağstafanın sabiq icra başçısı və müavini barəsində qərar verdi
NövbətiPrezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın 36-ci evlilik ildönümü… – FOTO