İstanbulda Vətən müharibəsinin başlamasının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Sentyabrın 28-də İstanbulda Azərbaycanın 44 günlük Vətən müharibəsinin başlamasının ildönümü ilə əlaqədar şəhidlərin anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin İstanbuldakı Baş konsulluğunun təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib.

Tədbir çərçivəsində Vətən müharibəsinin görüntülərini özündə əks etdirən fotolardan ibarət sərgi təşkil olunub. Sərgidə nümayiş etdirilən fotolarda Vətən müharibəsi dövrü və işğaldan azad edilən torpaqların görüntüləri əks etdirilib.

Anım mərasimində qonaqları salamlayan ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva tədbirin tarixə 44 günlük Vətən müharibəsi adı ilə yazılan İkinci Qarabağ müharibəsinin başlamasının ildönümü və Vətən uğrunda canlarından keçən şəhidlərimizin anılması məqsədilə keçirildiyini deyib. Bildirib ki, Vətən müharibəsi bizim şanlı tariximizin ən parlaq səhifəsidir. Vətənə sonsuz sədaqətlə bağlı olan şəhidlərimizi dərin hörmətlə anırıq.

O qeyd edib ki, təqribən 30 il əvvəl bu torpaqlardan ayaqyalın çıxan indi öz yurd-yuvalarına geri dönürlər. Tarixə qızıl hərflərlə yazılan bu Zəfərə görə başda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev olmaqla, şanlı Ordumuz və Azərbaycan-Türkiyə xalqlarının qardaşlığına borcluyuq. Müharibə dövründə bütün türk xalqı Azərbaycana inanılmaz dəstək nümayiş etdirdi. Bu da bizə əlavə güc verdi. Savaş dövründə iki ölkə arasındakı həmrəylik bütün dünyaya nümunə oldu.

Tədbirdə çıxış edən Türkiyə Xarici İşlər Nazirliyinin İstanbul təmsilçisi Murat Taner Azərbaycanın Vətən müharibəsində qəhrəmanlıq dastanı yazdığını deyib. O bildirib: “Bu Zəfər haqlı olaraq qürurla qeyd edilir. 44 günlük müharibənin sonunda haqq öz yerini tapdı. Türkiyə taleyini-taleyi, canını-canı bilən Azərbaycanla bu savaşda bir oldu, onlarla birgə sevindi. Bu gün şanlı Azərbaycan bayrağı Qarabağda dalğalanırsa, bu, qəhrəman Azərbaycan oğullarının sayəsindədir”.

Türkiyədə müalicə alan Vətən müharibəsi qazilərimiz də mərasimdə çıxış edərək tədbirin təşkilinə, dövlətimiz tərəfindən onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə, “YAŞAT” Fonduna, Türkiyə dövləti və qardaş xalqlarımıza təşəkkür ediblər.

ƏvvəlkiAzərbaycan Prezidenti: Hesab edirəm ki, revanşizm səylərindən vaz keçmək və gələcəyə doğru baxmaq üçün Ermənistana xəbərdarlıq etmək vaxtıdır
NövbətiAzərbaycan Ordusunun atəşi nəticəsində guya Ermənistan hərbçisinin yaralanması həqiqətə uyğun deyil