İstanbulda üçüncü Beynəlxalq Qadın və Ədalət Sammiti keçirilib

İstanbulda “Ailənin gücləndirilməsi!” şüarı altında üçüncü Beynəlxalq Qadın və Ədalət Sammiti keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Sosial Xidmətlər və Ailə Nazirliyi ilə Qadın və Demokratiya Dərnəyi (KADEM) tərəfindən birgə təşkil olunan Sammitə nüfuzlu qadın, uşaq və ailə təşkilatlarının rəhbərləri və ayrı-ayrı ölkələrdən rəsmi qonaqlar qatılıblar. Tədbirdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Sammitin açılışında iştirak edib. Çıxışında müasir dünyada qadın və uşaq hüquqları barədə reallıqlardan danışan Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə həyata keçirilən qadın siyasətinin müsbət nəticələrindən bəhs edib. Hakim Ədalət və İnkişaf Partiyasının qadınların cəmiyyətdəki yeri və rolunu yüksək dəyərləndirdiyini diqqətə çatdıran Prezident qeyd edib ki, hazırda Türkiyədə qadınlar hüquq-mühafizə orqanlarında, hökumət işlərində, diplomatiyada, biznes və ticarət sahələrində fəaliyyət göstərirlər.

Rəsmi hissədən sonra keçirilən “dəyirmi masa”da Türkiyənin sosial xidmətlər və ailə naziri Zehra Zümrüt Selçuk, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və KADEM-in sədri Saliha Okur Gümrükçüoğlu və başqalarının çıxışı dinlənilib.

Azərbaycan Respublikasının ailə, qadın və uşaq siyasətinin ayrı-ayrı istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verən komitə sədri Hicran Hüseynova diqqətə çatdırıb ki, ölkəmizdə insan hüquqlarının müdafiəsi çərçivəsində ailənin inkişafına yönələn tədbirlərə xüsusi diqqət ayrılır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı illərdən başlayaraq həyata keçirdiyi uğurlu siyasət nəticəsində ailələrin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm qərarlar qəbul olunub. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində ölkəmizdə bu istiqamətdə bir sıra layihələr reallaşıb. Ailə institutunun gücləndirilməsi üçün möhkəm qanunvericilik bazası formalaşıb. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə təsdiqlənən “Gələcəyə Baxış İnkişaf Konsepsiyası”dan və “2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri”ndən irəli gələrək, ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi üçün hədəflər müəyyən edilib.

Çıxışında təcavüzkar Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin acı nəticələrindən bəhs edən komitə sədri bildirib ki, cəmiyyətimizin ən həssas təbəqəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşən ailələrdir. Onların yenidən cəmiyyətimizə inteqrasiyası, sosial müdafiəsi, mənzil şəraitinin yaxşılaşdırılması və reabilitasiyası hökumətimizin xüsusi diqqət göstərdiyi məsələdir. Ötən müddət ərzində onlarla yeni qəsəbə salınıb, məktəblər, uşaq bağçaları, tibb məntəqələri, mədəniyyət mərkəzləri tikilib, müasir tələblər əsasında infrastruktur yaradılıb. “Əlbəttə, bu insanlar üçün nə qədər imkanlar yaradılsa da, onların bir arzusu var. O da doğma torpaqlara qayıtmaqdır”,- deyə Hicran Hüseynova diqqətə çatdırıb.

Komitə sədri bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə belə həssas təbəqədən olan ailələr üçün çox böyük işlər görülür. Ağır şəraitdə yaşayan məcburi köçkünlər üçün son illərdə çoxlu sayda binalar tikilib və ailələr mənzillərlə təmin edilirlər. Bütün bunlara baxmayaraq, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır.

Panellərdə “Qloballasan dünyada ailənin rolu: həyata keçirilən siyasət və tədbirlər”, “Müasir dünyada ailələri gözləyən təhdidlər və imkanlar”, “Ailə birliyini pozan ailədaxili zorakılıq və istismar” və s. mövzular ətrafında maraqlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Qeyd edək ki, Sosial Xidmətlər və Ailə Nazirliyi ilə KADEM tərəfindən birgə iki ildən bir təşkil olunan Sammitdə dünyanın ən aktual qadın, uşaq və ailə problemləri müzakirə edilir.

ƏvvəlkiAzerTelecom “BakuTel 2018” sərgisində iştirak edəcək
Növbəti“Anar Məhərrəmovun geri çağırılması məsələsinə baxılmır” – XİN