İstanbulda taxıl ixracı istiqamətində ciddi addım atılıb – Quterreş

İstanbulda Rusiya, Türkiyə, Ukrayna hərbi nümayəndə heyətləri və BMT nümayəndələrinin Ukraynanın taxıl ixracı məsələsi ilə bağlı keçirilən görüşündə ciddi addım atılıb.

Trend xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş jurnalistlərə açıqlamasında deyib.

“Bu gün İstanbulda biz Ukraynadan Qara dəniz vasitəsilə ərzaq məhsullarının təhlükəsiz və etibarlı daşınmasını təmin etmək istiqamətində mühüm addım gördük. Lakin bu gün əldə edilən irəliləyişin reallaşdırılması üçün daha çox texniki iş tələb olunacaq”, – deyə A.Quterreş bildirib.

Onun sözlərinə görə, İstanbul danışıqlarının iştirakçıları Ukraynadan taxıl ixracının bir çox mühüm aspektləri, o cümlədən nəzarət və koordinasiya, eləcə də minalardan təmizləmə baxımından razılığa gələ bildilər.

A.Quterreş hesab edir ki, Ukraynadan Qara dəniz vasitəsilə taxıl ixracı ilə bağlı yekun razılaşma gələn həftə əldə oluna bilər.

Xatırladaq ki, Ukrayna, Rusiya, Türkiyə və BMT nümayəndə heyətlərinin iştirakı ilə İstanbulda keçirilən dördtərəfli görüşdə Ukrayna taxılının ixracı üzrə bütün tərəflərin nümayəndələrinin iştirak edəcəyi koordinasiya mərkəzinin yaradılması, limanlarda birgə nəzarət və gəmilərin marşrutlarında təhlükəsizlik kimi əsas texniki məsələlər razılaşdırılıb

ƏvvəlkiÜST “omikron” ştamına görə maska ​​rejimini geri qaytarmağa çağırır
NövbətiBritaniyanın Baş naziri postuna seçkilərin birinci turu keçirilib