İslamiadadakı medal sayımız 99 deyil, daha çoxdur

“Azərbaycan idmançılarının İslamiadada qazandıqları medal sayı 99 deyil. Komanda idman növlərindəki medalları da saysaq, mükafatçılarımızın sayı daha çoxdur”.

Bunu “Report”a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunları barədə deyib.

MOK rəsmisi yığma komandalarda medalları hər bir idmançının aldığını, onların da yarışın çempionu və ya mükafatçısı sayıldığını xatırladıb: “İslamiadadakı nəticə uğurlu sayılmalıdır. Bəziləri deyə bilərlər ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutandan sonra 4-cü yerdə qərarlaşmışıq. Amma nəzərə almalıyıq ki, əvvəlki Oyunlarda ilk “5-liy”ə düşə bilmirdik. Yarışın proqramına İslam ölkələrində məşhur olan növlər salınır. Ona görə də rəqabət çox güclüdür”.

Ç.Hüseynzadə Konyadakı Oyunlarda fərdi növlərlə yanaşı, komanda yarışlarına qatılanın çıxışlarından da razı qaldığını vurğulayıb: “3×3 basketbol növü üzrə yığmalarımız, güləşçilərimiz, gimnastlarımız yaxşı çıxış etdilər və çoxlu medal qazandılar. Məqsəd təkcə medal deyil. Məqsədimiz sırf bu olsaydı, cüdo millimizin əsas heyətini Konyaya aparardıq və medal sayımız daha çox olardı. Məncə, İslamidada çox gözəl nəticə əldə etmişik. Prezident İlham Əliyev də idmançılarla görüş zamanı bunu qeyd etdi. 99 medal elə-belə hal deyil. Bu, Azərbaycan idmanının növbəti uğurlarından biridir”.

Eyni zamanda, Kamerun-2025 VI İslam Həmrəyliyi Oyunlarının Təftiş Komissiyasının sədri olan Çingiz Hüseynzadə bir neçə ay əvvəl bu ölkədəki vəziyyəti öyrənmək üçün oraya səfər etdiyini xatırladıb: “Kamerun həmin səviyyədə deyil, Azərbaycan və Türkiyədəki kimi yarış keçirməyə imkanları yoxdur. Növbəti oyunların harada keçirilməsi məsələsi hazırda açıqdır. Oktyabr-noyabrda İslam Həmrəyliyi İdman Federasiyasının növbəti Baş Assembleyası gerçəkləşəcək. Orada bu məsələlərə baxılacaq. Hazırda qəbul olunmasa da əsas namizəd Kamerundur. Qurum bir neçə ölkələrə təklif göndərsə də, konkret cavab yoxdur”.

Vitse-prezidenti “Oyunlar yenidən Azərbaycanda təşkil oluna bilərmi” sualını da cavablandırıb: “Onlar yarışı Azərbaycanda keçirməyə məmnun olardılar. Amma biz bir dəfə təşkil etmişik. Digər ölkələr də öz məharətlərini göstərsinlər. Sonra lazım olsa, götürə bilərik. Hazırda bu barədə düşünmürük”.

Əvvəlkiİonik-Adriatik boru kəməri ilə Azərbaycan qazı üç Balkan ölkəsinə nəql ediləcək
NövbətiBalıq körpələri təbii su hövzələrinə buraxılacaq