Azərbaycanın iki qadın güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, həlledici qarşılaşmada hər iki idmançı Yaponiya təmsilçisi ilə üz-üzə gəlib.
Günay Qurbanova (57 kiloqram) Konami Onoya 6:16, Ruzanna Məmmədova (59 kiloqram) isə Sae Noquçiyə uduzaraq gümüş medalla kifayətlənib.
Bununla da Azərbaycanın dünya çempionatında qazandığı medalların sayı 7-yə çatıb. Daha əvvəl yunan-Roma güləşçilərindən Ayxan Cavadov (60 kiloqram) qızıl, Cavidan Nehmətov (77 kiloqram) gümüş, Emin Cavadlı (55 kiloqram), Tural Əhmədov (63 kiloqram) və Elmin Əliyev (82 kiloqram) isə bürünc medal əldə ediblər.


























































