İqlim konfransları tarixində ilk dəfə COP-un yekun sənədinə “qazıntı yanacağından digərinə keçid” çağırışı daxil edilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim konfransları tarixində ilk dəfə Dubayda keçirilən COP28 tədbirinin iştirakçıları “qazıntı yanacağından digərinə keçid” üzrə yol xəritəsini təsdiq ediblər. Bu məsələ barədə danışıqlar aparmaq asan olmayıb – məsləhətləşmələr planlaşdırıldığından daha uzun çəkib və kompromislə başa çatıb: yekun sənəddə neftdən, kömürdən və qazdan “imtina” ilə bağlı vəd olmasa da, heç olmasa, qazıntı yanacağından bəhs edilir. Bu barədə AZƏRTAC BMT xəbərlərinə istinadla bildirir.

Aparılan danışıqların yekunlarını şərh edən BMT rəhbəri Antonio Quterreş qeyd edib ki, istifadə edilməsi iqlim dəyişiyinə ən əhəmiyyətli təsir göstərən qazıntı yanacağı barədə məsələ uzun illərdən sonra nəhayət ki, razılaşmaya daxil edilib. Quterreşin də qeyd etdiyi kimi, bəzi ölkələr, ötən illər ərzində yekun sənəddə qazıntı yanacağı barədə qeydin edilməsindən imtina ediblər. O, qazıntı yanacağı dövrünün ədalətli və bərabərhüquqlu şəkildə başa çatmalı olduğunu vurğulayıb.

“Sənədin mətnində qazıntı yanacağından mərhələli şəkildə imtinanın açıq şəkildə qeyd edilməsinə qarşı çıxanlara demək istəyirəm ki, gec-tez mərhələli şəkildə imtina qaçılmazdır. Ümid edək ki, bu mərhələ çox gec başlamayacaq”, – deyə, baş katib vurğulayıb.

BMT-nin İqlim dəyişikliyi üzrə illik konfransı noyabrın 30-dan dekabrın 12-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük şəhəri olan Dubayda keçirilib. Tədbir çərşənbə axşamı başa çatmalı idi, lakin razılaşma sənədinə qazıntı yanacağından istifadənin “azaldılması” və ya ondan “imtina edilməsi” ilə bağlı çağırışın daxil edilib-edilməyəcəyi ilə bağlı davam edən intensiv danışıqlar COP28 tədbirinin və onun iştirakçılarının iş vaxtının uzanmasına səbəb olub.

Demək olar ki, bütün konfrans boyunca bu məsələ bir tərəfdən fəallar və iqlim dəyişiyinə həssas olan ölkələr, digər tərəfdən isə bir sıra iştirakçı ölkələr arasında böyük əngələ çevrilib.

Quterreşin sözlərinə görə, elm qlobal istiləşmənin 1,5 dərəcə Selsiyədək məhdudlaşdırılmasının bütün qazıntı yanacaqlarından mərhələli şəkildə imtina etmədən mümkün olmayacağını açıq şəkildə sübuta yetirir və hər gün daha çox ölkə bunu etiraf edir. İstiləşmə həddi 2015-ci ildə Parisdə keçirilən mühüm konfransda razılaşdırılıb.

COP28 danışıqlarının iştirakçıları 2030-cu ilə qədər bərpa olunan enerji həcminin üç dəfə artırılması və enerji səmərəliliyinin iki dəfə çoxaldılması öhdəlikləri barədə razılığa gəliblər, adaptasiya və maliyyələşdirmə sahəsində irəliləyişə nail olublar, xüsusilə İtki və Zərərlərin Ödənilməsi Fondunun yaradılması ilə bağlı qərar qəbul ediblər. Baş katib isə bildirib ki, maliyyə öhdəlikləri olduqca məhduddur.

BMT rəhbəri böhranın ön cərgəsində olanlar üçün iqlimlə bağlı ədalətin təmin edilməsi üçün daha çox iş görülməli olduğunu vurğulayıb. Dünyanın süründürməçiliyə, qətiyyətsizliyə və ya yarımçıq tədbirlərin görülməsinə yol verə bilməyəcəyini söyləyən Baş katib, çoxtərəfli əməkdaşlığın bəşəriyyətin əsas ümidi olaraq qaldığını qeyd edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (İDÇK) icraçı katibi Saymon Still, COP28-də “irəliyə doğru addımların” atıldığını, ancaq bu addımların finiş xətti yox, xilasedici tədbirlər olduğunu deyib.

Onun fikrincə, ölkələrə öz dövlət planlarını Paris Sazişinə uyğunlaşdırmağa kömək etmək üçün hazırlanmış “Qlobal inventarizasiya” aydın şəkildə göstərib ki, irəliləyiş tədricən sürətlənir, lakin kifayət qədər sürətlə getmir.

Mövcud şəraitdə qlobal istiləşmənin üç dərəcə Selsidən bir qədər az olacağı və “kütləvi fəsadlara” səbəb olacağı güman edilir, buna görə də, Still konfrans iştirakçılarının “daha çox iş görməli olduqlarını” qeyd edib. “Qarşıdakı illərdə İqlim dəyişikliyi ilə mübarizə məqsədlərini və tədbirlərini artırmağa davam etməliyik”, – deyə, İDÇK rəhbəri bildirib.

COP28 nə ilə yadda qalacaq?

İqlim dəyişikliyinə həssas olan inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi üçün nəzərdə tutulan İtki və Zərərlərin Ödənilməsi Fondu konfransın ilk günü təsis edilib. Ölkələr fonda yüz milyonlarla dollar ayıracaqlarına söz veriblər;

Ölkələr Yaşıl İqlim Fondunu (YİF) 3,5 milyard dollar məbləğində artırmağı öhdələrinə götürüblər;

Ən az İnkişaf etmiş Ölkələrin Fondunun və İqlim Dəyişikliyi üzrə Xüsusi Fondun məbləğinin 150 milyon dollardan çox artırıldığı elan edilib;

Dünya Bankı iqlimlə bağlı layihələrin (2024 və 2025-ci illər üzrə) maliyyələşdirilməsini ildə 9 milyard dollar artırıb;

İnsanların sağlamlığının iqlimin artan təsirlərindən qorunması tədbirlərinin sürətləndirilməsi üçün təxminən 120 ölkə İqlim və Sağlamlıq Bəyannaməsini dəstəkləyib;

Qida təhlükəsizliyinin dəstəklənməsi və iqlim dəyişikliyi ilə mübarizənin artırılması üçün 130-dan çox ölkə Kənd təsərrüfatı, Qida və İqlim Bəyannaməsinə imza atıb;

66 ölkə, soyutma ilə əlaqədar tullantıların 68 faiz azaldılmasına yönələn qlobal soyutma öhdəliyini təsdiqləyib.

Gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 Azərbaycanda keçiriləcək.

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının iştirakçısı kimi, qlobal iqlim dəyişikliyi ilə mübarizəyə qoşulub. Ölkə 2030-cu ilədək istixana qazlarının həcmini 1990-cı illə müqayisədə 35 faiz azaltmağı planlaşdırır. 2050–ci ilə qədər istixana qazlarının 40 faiz azaldılmasına nail olunması kimi daha bir məqsədyönlü hədəf müəyyənləşdirilib.

Azərbaycan Respublikasının Prezidenti işğaldan azad edilmiş əraziləri “yaşıl enerji zonası” elan edib. 2050-ci ilə qədər bu ərazilərin “xalis sıfır emissiya” zonasına çevrilməsi planlaşdırılır.

“Azərbaycan iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni sistemli olaraq dəstəkləyir və enerji səmərəliliyi ilə bağlı tədbirlər görür. Təmiz ətraf mühit və yaşıl inkişaf bizim milli prioritetlərimizdir. Bərpaolunan enerji Azərbaycanda geniş vüsət almağa başlayır”, – Prezident İlham Əliyevin COP29-un Azərbaycanda keçiriləcəyi ilə bağlı etdiyi paylaşımda qeyd olunur.

ƏvvəlkiBaş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
NövbətiPekin metrosunda baş verən insidentdə 30-dan çox sərnişin xəsarət alıb