İndoneziyanın “Sriwijaya Air” şirkətinə məxsus sərnişin təyyarəsinin uçuş xronologiyası açıqlanıb

Yanvarın 9-da Cakarta-Pontianak reysi ilə uçan və Yava dənizinə düşdüyü güman edilən “Sriwijaya Air” şirkətinə məxsus “Boeing 737-500” sərnişin təyyarəsi Cakartadakı “Sukarno-Hatta” beynəlxalq aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra dispetçerlə əlaqə kəsilib.

AZƏRTAC İndoneziya KİV-lərinə istinadla xəbər verir ki, ölkənin nəqliyyat naziri Budi Karya Sumadi təyyarə Qərbi İndoneziya vaxtı (WIB) ilə 14:36-da havaya qalxdıqdan sonra “SJ182” reysi ilə əlaqənin xronologiyasını açıqlayıb. Nazir məsələ ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, təyyarə havaya qalxdıqdan bir dəqiqə sonra pilot dispetçerlərdən yüksəkliyi artırmaq barədə icazə istəyib. WIB vaxtı ilə 14:37-də müvafiq olaraq ona 29 min fut yüksəkliyə qalxmaq icazəsi verilib. Bundan bir neçə dəqiqə sonra, yəni WIB vaxtı ilə saat 14:40-da təyyarənin marşrut üzrə deyil, cənub-qərb istiqamətində uçduğu aşkarlanıb və dispetçer pilotla əlaqə yaratmağa çalışıb. Lakin təəssüf ki, o, cavab verməyib.

Nazir, həmçinin hazırda qırıntıların aşkar edildiyi ərazidə – Lankanq və Laki adaları arasında axtarış işlərinin davam etdirildiyini bildirib.

B.K.Sumadi İndoneziya Prezidenti Coko Vidodonun axtarış işlərinin daha geniş ərazidə aparılması barədə göstəriş verdiyini də əlavə edib. Qeyd edib ki, axtarış işlərinə sualtı xilasetmə qurğusu ilə təchiz edilən “Baruna Jaya” gəmisi də cəlb edilib.

Hazırda təyyarənin qəzaya uğradığı güman edilən ərazidə, həmçinin Nəqliyyatda Təhlükəsizlik və Xilasetmə Milli Komitəsinin dörd gəmisinin axtarış işlərini davam etdirdiyi bildirilib.

Qəza ilə əlaqədar informasiyaların operativ ötürülməsi məqsədilə “Sukarno-Hatta” beynəlxalq aeroportunun ikinci terminalında xüsusi post yaradılıb. Eyni zamanda, Nəqliyyat Nazirliyi tərəfindən “qaynar xətt” də açılıb.

Əlavə olaraq qeyd edək ki, təyyarə ilə əlaqə son dəfə o, 11 min fut yüksəklikdə olarkən yaradılıb. Təyyarənin havaya qalxmasından dörd dəqiqə sonra onunla əlaqə kəsilib.

Rəsmi məlumatlara görə, təyyarənin göyərtəsində 56 sərnişin və 6 heyət üzvü olub. Sərnişinlərdən 46-sının böyük, 7-sinin uşaq, 3-nün isə körpə olduğu bildirilir.

ƏvvəlkiSabah Qırğızıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək
NövbətiOmbudsman işğaldan azad olunan ərazidə saxlanılan Ermənistan vətəndaşı ilə görüşüb