İndoneziyada prezident seçkisi keçirilir

İndoneziyada növbəti prezident seçkisi keçirilir.

AZƏRTAC İndoneziya mediasına istinadla xəbər verir ki, səsvermə prosesi yerli vaxtla səhər saat 7:00-da başlayıb. Ölkənin 38 vilayəti üzrə 204,8 milyon seçicinin səsvermədə iştirak etməsi nəzərdə tutulub.

Prezident postu uğrunda üç namizəd mübarizə aparır. Onlardan müdafiə naziri Prabovo Subianto özünü hazırkı prezident Coko Vidodonun siyasi varisi hesab edir. Digər namizəd – Mərkəzi Yava vilayətinin keçmiş qubernatoru Qancar Pranovo da prezident seçiləcəyi təqdirdə hazırkı dövlət başçısının siyasətini, o cümlədən paytaxtın Cakartadan köçürülməsi ideyasını davam etdirəcəyini açıqlayıb. Cakartanın keçmiş meri Anyes Basvedanı isə indiki hökumətə müxalif olan qüvvələr dəstəkləyir. O, paytaxtın köçürülməsi planını yenidən nəzərdən keçirəcəyini və İndoneziyanın iqtisadi bərabərsizliyini aradan qaldıracağınıi vəd edir.

İndoneziyada səsvermədən əvvəl keçirilmiş sorğular müdafiə naziri Prabovo Subiantonun qalib gələcəyini proqnozlaşdırmağa əsas verir. Güman edilir ki, o, seçicilərin 50 faizindən çoxunun səsini qazana bilər. Əgər heç bir namizəd kifayət qədər səs yığa bilməsə, ən çox səs toplamış iki namizəd iyunda seçkinin ikinci turunda iştirak edəcək.

Seçicilər prezidentlə yanaşı, ölkə və regional parlamentin deputatlarını da seçəcəklər.

Bəzi məntəqələrdə hava şəraiti və texniki səbəblərdən səsvermə prosesi gec başlayıb.

ƏvvəlkiAvropa çempionatı: Azərbaycanın qadın güləşçiləri mübarizəyə qoşulurlar
NövbətiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilir