ICESCO Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə müraciət yayıb

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ərəfəsində təşkilata üzv ölkələrə müraciət edib.

Təşkilatın baş ofisindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə dünya ictimaiyyətinin aprelin 18-ni Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd etdiyi, bu əlamətdar günün bütün dünyada, o cümlədən İslam aləmində maddi və qeyri-maddi mədəni irsin əhəmiyyətini diqqətə çatdırmaq üçün bir fürsət olduğu vurğulanıb. “ICESCO-ya üzv ölkələrdə mədəni irsin zənginliyi, müxtəlifliyi və orijinallığının onun bəşər sivilizasiyasının formalaşmasına mühüm töhfələr verdiyini bir daha təsdiq edirik. Təşkilatımız bu münasibətlə İslam dünyası irsinin qorunub saxlanılması və qiymətləndirilməsi, bütün dünyada onun əhəmiyyəti barədə məlumatlılığın artırılması, təbliğinin böyük əhəmiyyətini vurğulamağa, həmçinin üzv ölkələrin qədim abidələrinin Ümumdünya İrs Siyahısına daxil edilməsinə yönəlmiş səyləri gücləndirmək istiqamətində fəaliyyəti davam etdirməyə çağırır”, – deyə sənəddə qeyd olunub.

ICESCO bu münasibətlə üzv dövlətlərdə bütün növ mədəni irsin təbliğinin vacibliyini vurğulayır və səylərin tarixi abidələrin və obyektlərin qorunmasına yönəldilməsinə çağırır. Təşkilat bu kontekstdə İslam Dünyası İrs Mərkəzinin yaradılması, üzv dövlətlərdə irs üzrə peşəkarların bacarıqlarının artırılmasına yönəlmiş çoxsaylı təlim sessiyalarının təşkili sahəsində mühüm layihələr həyata keçirib. 2019-cu ildən bəri ICESCO-nun İslam Dünyası İrsi Siyahısına 430-dan çox tarixi yer, görməli məkan və mədəni abidələr daxil edilib”.

Müraciətdə qeyd olunub ki, ICESCO bu fonda bütün ölkələri, vətəndaş cəmiyyəti təşkilatlarını və özəl sektoru sıx əməkdaşlığa, xüsusən münaqişə bölgələrində İslam dünyasının sivilizasiya və mədəni irsinin qorunması üçün səyləri gücləndirməyə çağırır. Təşkilat, həmçinin nəsildən-nəslə ötürülən ümumbəşər irsini təmsil edən qiymətli arxeoloji artefaktların qeyri-qanuni ticarətini cinayət hesab edən sərt qanun və qaydaların qəbul edilməsini zəruri hesab edir.

Sonda qeyd edilib: “ICESCO irs obyektlərinin və abidələrin qorunması və mühafizəsi üçün müasir texnologiya və süni intellektdən istifadənin vacibliyini vurğulayır. Təşkilat, həmçinin bu tarixi yerlərin və abidələrin tanıdılması, onların bəşər sivilizasiyasında əhəmiyyəti haqqında məlumatlılığın artırılması məqsədi ilə interaktiv platformaların yaradılmasına çağırır”.

ƏvvəlkiNaxçıvanda İrandan Türkiyəyə gedən yük maşınında külli miqdarda narkotik vasitə aşkarlanıb
NövbətiARDNF I rübdə büdcə öhdəliyini 44 % az icra edib