Günəşin və işıqlı həyatın rəmzi – Od çərşənbəsi

Bu gün İlaxır çərşənbələrdən ikincisi – Od çərşənbəsidir. Xalq arasında “Xəbərçi çərşənbə”, “Üskü çərşənbə”, “Addı çərşənbə” kimi tanınan bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir.

AZƏRTAC AMEA-nın Folklor İnstitutunun “Qərbi Azərbaycan folklor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyevin Od çərşənbəsi ilə bağlı qeydlərini təqdim edir.

Novruz bayramı dörd əsas çərşənbəni – Su, Od, Yel və Torpaq çərşənbələrini özündə birləşdirir. Boz ayda qeyd edilən ikinci çərşənbə – Od çərşənbəsidir.

Azərbaycanlıların qədim bayramlarından olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür – su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir. İnsanlar hər zaman oda ehtiyac duyublar. Odun kəşfi insan həyatını asanlaşdıran mühüm amillərdən olub. Mifoloji rəvayətlər göstərir ki, qədim zamanlarda insanlar nəyə ən çox ehtiyac hiss etmiş və ya nədən daha çox təsirlənmişlərsə, onu müqəddəs olaraq qəbul edib və inanclar, mərasimlər yaradıblar.

Ümumiyyətlə, türkdilli xalqlarda Günəşə, oda, atəşə böyük inam olub. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir.

Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi günündə qazanlar qaynamalı, insanların ocağının üstü boş qalmamalıdır.

Bayramlarda tonqal qalamaq qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. İnanclara görə, tonqal yeni həyatın, baharın, istiliyin gəlişinin rəmzidir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyə isə işarə olub. Bunu “Kitabi-Dədə Qorqud” dastanında da aydın görmək olar. İnsanlar arasında belə bir etiqad yaranıb ki, insanlar Günəşi və odu nə qədər əzizləsələr, təbiət o qədər tez isinər, onlara хoşbəхtlik gətirər. Qədimdə kənd yerlərində bayramlarda, şad günlərdə kəndliləri agah etmək üçün həmişə dağların başında tonqallar qalanarmış. Əgər dağlar olmasa, hündür yerlər seçərək, orada tonqalın qalanması daha məqsədəuyğun hesab edilirmiş.

Şad günlərdə tonqal qalanması haqqında məlumatlara “Kitabi Dədə Qorqud” dastanında da rast gəlinir. Burada da tonqala olan münasibət və onun müqəddəsliyi haqqında fikirlər var. Dastanda Dədə Qorqud Oğuz igidlərinə deyir ki, şad günlərinizdə, bəd günlərinizdə uca dağ başında tonqal qalayın. Uzaqdakı Oğuz igidləri o tonqallar sayəsində darda və ya şad gündə olduğunuzu təyin edib köməyə gələ bilsinlər. Xalqın həm şad, həm də bəd günündə tonqalın köməyə gəlməsi və onun yandırılması ilə müəyyən işlərin bəyan edilməsi odun müqəddəsliyini bir daha diqqətə çatdırır.

Novruzda ayin və mərasimlərindən biri də günəşı çağırmaq, istiliyin olması üçün Od çərşənbəsi zamanı icra edilən “Qodu-qodu” oyunudur. İnsanlar Günəşi çağırmaq üçün Qodu-qodu mahnısı oxuyar, ondan istilik istəyirlər. “Qodu-qodu” oyununda kənd cavanları üzərinə qırmızı bəzədilmiş çömçəni Günəş rəmzi kimi götürüb qapı-qapı gəzər və müəyyən nəğmələr oxuyardılar:

Qodu-qodunu gördünmü?

Qoduya salam verdinmi?

Qodu burdan ötəndə

Qırmızı günü gördünmü?

Qodu gülmək istəyir,

Qoymayın ağlamağa.

Qoduya qaymaq gərək,

Qablara yaymaq gərək,

Qodu gün çıxarmasa,

Gözlərin oymaq gərək.

Yağ verin yağlamağa,

Bal verin ballamağa,

Qodu gülmək istəyir.

Qoymayın ağlamağa.

Odla bağlı bir çox atalar sözləri də mövcuddur: “Odu su ilə söndürmək olmaz”, “Od çərşənbəsində ocağı boş qoymazlar,” “Odsuz ocaq olmaz”, “Od ilə oynamaq olmaz”, “Od yanan yerdən tüstü çıxar”, “Od yanmasa tüstü çıxmaz”, “Ocaq keçər, külü qalar” və s.

Azərbaycanda martın 12-də Yel çərşənbəsi, martın 19-da isə Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi qeyd olunacaq.

Bu il Azərbaycana yaz fəsli martın 20-də saat 07:06:21-də girəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan şimal yarım kürəsində yaz fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

Od çərşənbəniz mübarək!

ƏvvəlkiQarabağda 81,6 min hektar əkin sahəsi üzrə icarə müqavilələri bağlanılıb
NövbətiAzaraq Ermənistana keçən Azərbaycan əsgəri Vətənə qaytarılıb