Goranboyda məcburi köçkün qəsəbəsində selin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür

Dünən yağan güclü yağış nəticəsində sel suları Goranboy rayonunun Aşağı Ağcakənd kəndi ərazisində məcburi köçkünlər üçün salınmış 306 fərdi evdən ibarət qəsəbəyə də ziyan vurub. İlkin məlumata görə, sel qəsəbənin daxili yol və küçələrini basıb, 12 fərdi evin zirzəmisinə su dolub. Məcburi köçkün ailələrin yardımçı təsərrüfatlarına da ziyan dəyib: ev quşları arasında tələfat var, həyətyanı sahələrdə bəzi ağaclar və əkinlər məhv olub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakıdan ezam olunmuş müvafiq strukturlarının əməkdaşları təbii fəlakət baş vermiş ərazidədir. Dövlət Komitəsinin Mənzil-Kommunal İstismar Departamentinin Goranboy mənzil-istismar sahəsinin (MİS) işçi qüvvəsi və texniki vasitələri təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb edilib.

MİS-in rəisi Seymur Çobanov bildirib ki, hazırda qəsəbədə sel sularının törətdiyi fəsadlar aradan qaldırılır, zərər görmüş evlərin zirzəmiləri sudan təmizlənir, məcburi köçkün ailələrinə dəyən zərər dəqiqləşdirilir.

ƏvvəlkiBMT-nin Komitəsinə yenidən azərbaycanlı sədr müavini seçilib
NövbətiÜlvü gümüş medal qazandı, komanda çempion oldu