Füzulidə SOCAR brendli yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib

İşğaldan azad olunmuş torpaqlarda bərpa və yenidənqurma işlərinə dəstək olmaq məqsədlə “SOCAR Petroleum” QSC tərəfindən növbəti yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.

“Report”un “SOCAR Petroleum”a istinadən verdiyi məlumata görə, SOCAR brendli modul tipli YDS Füzuli şəhərində yerləşir.

Yanacaqdoldurma stansiyası Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolundan istifadə edən avtonəqliyyat vasitələri üçün əlverişlidir. Bu yol Beyləqan və Füzuli rayonlarının ərazisindən keçir.

“Aİ-92”, “Aİ-95” “Premium” və “Dizel” markalı yanacaq məhsullarının satışının həyata keçiriləcəyi stansiyada 2 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 2 kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün müvafiq şərait yaradılıb.

Artıq Qarabağ və Şərqi Zəngəzurda – Füzuli, Şuşa, Ağdam, Laçın, Xankəndi şəhərləri, Qubadlı (Eyvazlı kəndi), Xocavənd (Hadrut qəsəbəsi) və Cəbrayıl (Şükürbəyli) rayonlarında fəaliyyət göstərən SOCAR brendli YDS-lərin sayı 9-a, ümumilikdə isə ölkə ərazisində 59-a çatdırılıb.

“SOCAR Petroleum” QSC-nin strateji inkişaf planına uyğun olaraq ölkə ərazisində müasir standartlara cavab verən YDS-lərin sayının bundan sonra da artırılması planlaşdırılır.

ƏvvəlkiAzərbaycanın xarici dövlət borcu 212 milyon dollardan çox azalıb
NövbətiPrezident İlham Əliyev Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında tikinti, abadlıq işləri və Ofis binasında yaradılan şərait ilə tanış olub