Fransanın BMT TŞ-də rüsvayçı məğlubiyyəti və Azərbaycanın növbəti parlaq diplomatik qələbəsi

Hələ 2022-ci ilin sentyabrında Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrdən sonra rəsmi İrəvanın müraciəti əsasında BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasının gündəliyinə “Ermənistanın BMT yanında daimi nümayəndəsinin məktubu” adlı bənd daxil edilmişdi. Bu müraciət əsasında Təhlükəsizlik Şurasının iclasının gündəliyinə bəndin daxil edilməsi təbii ki, Fransanın dəstəyi olmadan baş verə bilməzdi. O vaxt bu “bacılar” baş vermiş hadisələrlə bağlı BMT Təhlükəsizlik Şurasında sənəd qəbul etdirmək istəyirdilər. Lakin o zaman bu baş vermədi.

AZƏRTAC Fransanın rəsmi İrəvana göstərdiyi dəstəyin bir sıra məqamlarına qısa nəzər salır.

Qeyd etməliyik ki, hələ 2020-ci ildə 44 günlük müharibə zamanı da oxşar cəhdlər olmuşdu. Lakin Təhlükəsizlik Şurasında təmsil olunan Azərbaycana dost dövlətlər buna imkan verməmişdilər.

Ümumiyyətlə, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazilərinin işğalı ilə bağlı dörd qətnaməsinin olduğu 30 ilə yaxın bir vaxtda Şuranın Ermənistan qoşunlarının torpaqlarımızdan çıxarılması və işğala son qoyulması ilə bağlı bir dəfə də hər hansı toplantının keçirilməməsinin özü ölkəmizə qarşı haqsızlıq idi. Təbii ki, buna imkan verməyənlərdən biri və bəlkə də birincisi məhz riyakar Fransa olmuşdu.

Dekabrın 12-dən Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, ekofəalların və könüllülərin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilər tərəfindən faydalı qazıntı yataqlarımızın qanunsuz istismarına etiraz olaraq Laçın-Xankəndi yolunda keçirdikləri aksiya görünür Ermənistanı və onun havadarı Fransanı dalana dirəyib. Çünki uzun illər Laçın dəhlizindən qeyri-qanuni fəaliyyətlər və daşınmalar üçün istifadə olunmasının qarşısı alınıb. Bu isə təbii ki, nə rəsmi Parisin, nə də İrəvanın ürəyincədir.

Fransanın BMT TŞ-də riyakar fəaliyyəti: sədrlikdən sui-istifadə

Buna görə də dekabrın 20-21-də Fransa və Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırdılar. Aparılan müzakirələrdən dərhal sonra Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü və hazırda onun sədri kimi (daimi və qeyri-daimi üzvlərin hərəsi bir ay sədr olur) Laçın-Xankəndi yolundakı vəziyyəti “humanitar fəlakət” kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlamışdı. Artıq 10 gün idi ki, mətn üzərində, sözün əsl mənasında, qırğın gedirdi. Prosesləri bilavasitə Fransa Prezident Administrasiyası və Makronun xarici siyasət məsələləri üzrə müşavirləri aparırdı.

Bu məqamda qeyd etməliyik ki, Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bir sıra beynəlxalq təsisatlarda ölkəmizə qarşı məkrli işlərin aparıldığına eyham vurması təsadüfi deyildi. Çünki bundan əvvəl də Azərbaycan Frankofoniya təşkilatında və bəzi digər beynəlxalq qurumlarda ölkəmiz əleyhinə fəaliyyətlərin olmasının təəssüf doğurduğunu bəyan etmişdi.

Fransa düşünürdü ki, bu mətni qəbul etdirəcək və növbəti addım kimi bunu qətnaməyə çevirəcək. Bu günlərdə Ermənistanın “dahi” diplomatı və “çekisti” Armen Qriqoryan da Təhlükəsizlik Şurasında bu məsələ ilə bağlı qətnamənin qəbul edilməsinin Ermənistanın məqsədlərindən biri kimi müəyyənləşdirmişdi.

Fransa-Ermənistan cütlüyündən Rusiyaya xəyanət

Xatırlatmaq yerinə düşər ki, fransız-erməni cütlüyünün bu addımları Rusiyaya xəyanət, ABŞ-ın dəstəyi ilə sülh müqaviləsi üzrə aparılan danışıqlara hörmətsizlik və bütövlükdə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi idi. Amma Fransa üçün bu proses, sözün əsl mənasında, böyük rüsvayçılıq oldu. BMT Təhlükəsizlik Şurasının daimi üzvü və hazırda sədri olan Fransa 10 gündür bütün resurslarını işə salsa da, bu mətni qəbul etdirə bilmədi. Əvvəla, bu bəyanat fransızların təqdim etdiyi ilk layihədən tam fərqli olaraq əsaslı dərəcədə dəyişdirildi. Ermənipərəst tərzdə tərtib olunmuş mətndən “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı, “humanitar yardım olarsa, bu, yalnız Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında ola bilər” və “Azərbaycanın ərazi bütövlüyünə dəstək” kimi ifadələr daxil edildi. Azərbaycan diplomatiyası bütün imkanlarından istifadə edərək Fransanı məhz onun öz meydanında rüsvayçılıqla baş-başa buraxdı.

Həmçinin Fransanın hazırladığı 6-cı və ya 7-ci mətn dekabrın 30-da BMT Təhlükəsizlik Şurasının qaydalarına uyğun olaraq yenidən sükut proseduruna qoyulmuşdu. Bu o deməkdir ki, sənəd hazırlanır və konkret saata qədər vaxt müəyyən edilir. İrad və ya təklif yoxdursa, qəbul edilmiş hesab olunur. Bu sənəd də qəbul edilmədi. Beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri Fransanın necə ədalətsiz, qərəzli və riyakar olduğunu görürdülər və bunu açıq şəkildə etiraf edirdilər. Geosiyasi oyunlar naminə belə iyrənc fəndlərlə Qafqaza soxulmağa çalışan Fransa başa düşmür ki, əksinə, hər belə addımı ilə regiondan daha da təcrid olur, beynəlxalq ictimaiyyət, eyni zamanda, Azərbaycan xalqı qarşısında pis və gülünc vəziyyətə düşür;

Qeyd olunmalıdır ki, Azərbaycanın gücünün və Fransanı onu “öz meydanı”nda məğlub etməsinin səbəbi, heç şübhəsiz, Prezident İlham Əliyevin yürütdüyü müdrik, uzaqgörən və qətiyyətli siyasətdir. Məhz qətiyyətli, uzaqgörən Lider, müdrik siyasi xadim kimi Prezident İlham Əliyevin şəxsi nüfuzu, onun diplomatiyası sayəsində Azərbaycanın dünyada qazandığı dost ölkələr Fransanın bu cəhdlərini heçə endirdilər. Beləliklə, Fransa məktubla müraciət edərək prosesi rəsmən dayandırdığını bəyan etdi.

Bu, yeni 2023-cü il ərəfəsində Prezident İlham Əliyevin növbəti qələbəsi və Azərbaycan xalqına hədiyyəsidir.

Bir faktı da vurğulayaq ki, iclas zamanı Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya Fransanın təşəbbüsünün əleyhinə çıxış ediblər. Haqq-ədaləti dəstəklədiklərinə görə bu ölkələrə xüsusi minnətdarlıq düşür.

Azərbaycan Fransanı məhz öz meydanında məğlub etdi

Azərbaycan dostları ilə birgə bu parlaq qələbəni qeyd edərkən Fransa Prezident Administrasiyasının xarici siyasət/diplomatiya şöbəsi isterika halındadır. Hətta Fransanın BMT yanında daimi nümayəndəsinin və onun müavininin bu rüsvayçılığa görə geri çağırılmaq məsələsi var. Argentinadan fərqli olaraq, Azərbaycan Fransanı neytral meydanda deyil, məhz “öz meydanı”nda məğlub etdi. Fransa diplomatiyası indi az qala matəm içərisindədir.

Bu arada bir xatırlatma yerinə düşür – Prezident İlham Əliyev bu il doğum günündə Qərbi Azərbaycan İcması ilə görüşdə belə bir ifadə işlətmişdi: “Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan”. Bu parlaq qələbə Prezident İlham Əliyevin hansı qətiyyətə və liderlik keyfiyyətlərinə malik olduğunu növbəti dəfə əyani şəkildə nümayiş etdirir.

ƏvvəlkiDünya azərbaycanlıları Həmrəylik Gününü qeyd edirlər
NövbətiXankəndi-Laçın yolunda Həmrəylik Günü münasibətilə bayram konserti keçirilir