Fransalı məşhur aktyor Jan-Pol Belmondo vəfat edib

Buqələmun aktyor, Fransa kinosunun müqəddəslərindən olan Jan-Pol Belmondo sentyabrın 6-da 88 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, “Bebel” ləqəbli Belmondo 1933-cü il aprelin 9-da Nöyi-sür-Sen (Neuilly-sur-Seine) şəhərində anadan olub. Atası heykəltəraş, anası isə rəssam olub.

Belmondo 64 illik karyerasında 88-dən çox filmdə çəkilib. Gənc aktyor təhsillə demək olar ki, maraqlanmayıb, ancaq idmanı çox sevib, futbol, velosiped, xüsusilə də boksla məşğul olub. Məhz buna görə bu gün onu Fransa boksunun ən gözəl səfiri adlandırırlar.

Jan-Pol Belmondo 1946-cı ildə Bebel “Comedie–Francaise” teatrında Molyerin “Alim qadınlar” tamaşasına qatılır. Beləliklə, onun əsil aktyorluq hissləri yaranmağa başlayır. Sonra Belmondo Paris xəstəxanalarında pasiyentlər qarşısında çıxış edir. 1952-ci ildə Milli Dram Sənəti Konservatoriyasına qəbul olur.

Karyerası müddətində o, həm müəllif filmlərində, həm də məşhur bədii filmlərdə rol alıb.

İlk dəfə Belmondo 1956-cı ildə “Les Copains” (Dostlar) filmində çəkilsə də, bu film 1967-ci ildə nümayiş olunub. Ancaq 1959-cu ildə Klod Barmanın rejissoru olduğu və milad axşamı televiziyada yayımlanan “Üç muşketyor” filmində D’Artanyan rolunu oynayıb.

1958-ci ildə “Gözəl ol və sus” filmində Alen Delonla birlikdə köməkçi rol oynayıb. Sonrakı illərdə Bebel Katerin Dönöv, Anni Jirardo, Qabən kimi tanınmış aktyorlarla birlikdə filmlərə çəkilib.

Azərbaycan əsilli məşhur fransız aktyoru Rober Hosseinin yaxın dostu olmuş Belmondo 1989-cu ildə “Ərköyün uşağın marşrutu” filmində ən yaxşı aktyor kateqoriyasına “Sezar” mükafatını alıb. 2001-ci ildə beyninə qansızmasından əziyyət çəkən Belmondo Kann Kino Festivalının “Fəxri Palması”nı alıb. 2009-cu ildən sonra məşhur aktyor ekranda baş rollarda görünməyib.

2007-ci ildə “Şərəf Legionu”, 2017-ci ildə Milli Şərəf Ordeninin Böyük Zabiti və Milli İncəsənət və Ədəbiyyat Komandanı ordenlərinə layiq görülüb.

2018-ci ildə “Corse-Matina” qəzetinə müsahibəsində “Elə xoşbəxt həyat yaşadım ki, sonumdan qorxmuram” deyən aktyor hələ də filmə çəkilmək arzusunu gizlətməyib.

Jan-Pol Belmondo sentyabrın 6-da vəfat edib, ölümü ilə o, bütün fransız televiziya kanallarının proqramlarını dəyişib. Bütün kanallarda Belmondonun çəkildiyi filmlərə yer verilib, yazılı mətbuat orqanlarında Belmondoya həsr edilmiş çoxsaylı məqalələr dərc olunub.

ƏvvəlkiProkurorluq atanın oğlunu və özünü öldürməsi ilə bağlı məlumat yayıb
NövbətiTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qardaşlaşmış limanların dördüncü iclası keçirilib