Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qardaşlaşmış limanların dördüncü iclası keçirilib

Sentyabrın 6-da Türkiyənin Samsun şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) qardaşlaşmış limanların dördüncü iclası keçirilib.

“Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə qardaşlaşmış limanlar olan Bakı Limanı, Qazaxıstanın Aktau və Kurik limanları və eyni zamanda, Samsun Limanının fəaliyyəti barədə təqdimat həyata keçirilib. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Beynəlxalq əməkdaşlıq departamentin rəhbəri Aynur Səmədova Bakı Limanı ilə bağlı məlumat verərək bildirib ki, yük daşıma göstəricisi hər il yaxşılaşan Liman növbəti dəfə Avropa Dəniz Limanları Təşkilatının (“European Sea Ports Organization” – ESPO) Liman Ətraf Mühitin Təhlili Sistemi (PERS) – “EcoPorts” sertifikatına layiq görülüb. Bakı Limanında istifadəyə veriləcək gübrə terminalı ilə bağlı da məlumat verən departament rəhbəri əlavə edib ki, bu terminal ildə 2,5 milyon ton məhsulu aşırmaq gücünə sahib olacaq və əlavə olaraq limanda ümumi tutumu 60 min ton olan iki anbar da istifadəyə veriləcək. Bu isə Orta Asiyadan, Azərbaycandan keçməklə qərb ölkələrinə daşınan gübrə məhsulunun həcmini əhəmiyyətli dərəcədə artıracaq. Ümumilikdə tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna cəlb edilən yükün həcminin artırılması üçün fikir mübadiləsi aparıblar.

ƏvvəlkiFransalı məşhur aktyor Jan-Pol Belmondo vəfat edib
NövbətiAzərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının sayı 7 milyon 236 mindən çoxdur