Ətraf mühitin mühafizəsi üçün dəyirmi masa keçirildi

“Demokratik İnkişafın Təşviqi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ətraf mühitin çirkləndirilməsi ilə mübarizədə bələdiyyə, QHT və sakinlərin birgə tədbirlərin keçrilməsi” layihəsinə start verib. Layihə Şabran və Xaçmaz rayonlarında keçirlir.

Bu gün layihə çərçivəsində Şabran rayonunda ikinci Dəyirmi Masa baş tutdu. Dəyirmi Masaya rayon icra hakimiyyətinin, bələdiyyələrin, kommunal idarələrin və digər adiyyəti strukturların işçiləri və yerli aktiv sakinlər qatıldılar.

Tədbiri açan layihə rəhbəri Teymur Nəsirov tədbirin keçirilməsi üçün yaradılan şərait üçün yerli İcra Hakimyyətinə, o cümlədən təşkilatçılıqda yaxından dəstək olan Sosial-iqtisadi  inkişafın  təhlili  və  proqnozlaşdırılması şöbəsinin müdir müavini Fariz Məlikova təşəkkürünü bildirdi. O, keçirilən layihə barədə qısa məlumat verdikdən sonra sözü layihənin eksperti Şaban Nəsirova verdi. Ekspert ekologiyanın qorunmasının vacibliyindən danışdı. O, bildirdi ki, təəssüf ki, hələ də ətraf mühitin çirklənməsinə rəvac verən hərəkətlər edən şəxslərin sayı kifayət qədər çoxdur.  Əgər parklar, mərkəzi küçələr daim təmizlənirsə, bir qədər kənarlarda bu təmizliyi görmək mümkün deyil. Bunun səbəblərindən biri rayon mərkəzlərindən kənarda zibil qutularının sayının kifayət qədər olmamasdır. Digər səbəb isə bu sahədə maarifləndirmə işlərinin yetərli olmamasıdır. Ekspert qeyd etdi ki, ətraf mühitin çirklənməsinə qarşı maarifləndirmənin genişləndirilməsi istiqamətində qeyri hökumət təşkilatları ilə yerli orqanların birgə fəaliyyət göstərməsi işlərin daha çox uğurla yekunlaşması ilə nəticələnə bilər.

Dəyirmi Masada iştirak edən Pirhəsən bələdiyyənin sədri Əzimov Rahib bu cür layihələrin önəmindən danışdı. O, qeyd etdi ki,  təəssüf ki, ölkəmizdə ekologiyanın qorunmasının vacibliyi gənclərə yetəri qədər aşılanmır. Bununla bağlı məktəblərdə xüsusi dərs saatlarının keçirilməsi, iməciliklərin təşkili məqsədəuyğun olardı.

Bələdiyyə sədri təmizlik işlərinin görülməsi üçün lazımi avadanlığın azlığından da danışdı. Dedi ki, hazırda bələdiyyələrə daha çox vəsaitin ayrılması məsələsi müzakirə olunur. Bu məsələ həllini taparsa, bələdiyyələr ətraf mühitin qorunması işlərinə daha artıq tövhə verə bilər.

Sonra mövzu ətrafında sakinlərlə müzakirələr davam etdi. Tədbir çay süfrəsi arxasında yekunlaşıb.

ƏvvəlkiƏli Əsədov Albaniyanin baş naziri ilə görüşüb
Növbəti”Şeir və hekayə müsabiqəsi” adlı dərnək yaradıldı