Etirazçılar Fransa səfirliyi qarşısında bəyanat səsləndirib

Fransanın Azərbaycandakı səfirliyi qarşısında senatda qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnaməyə etiraz aksiyası keçirilir.

Trend-in məlumatına görə, aksiya iştirakçıları səfirlik qarşısında ingilis və fransız dillərində hazırlanmış plakatlar nümayiş etdirərək, “Qarabağ Azərbaycandır”, “Fransa, ədalətli ol”, “Beynəlxalq hüquqa hörmət elə”, “Fransa, ATƏT-dən rədd ol!” kimi şüarlar səsləndiriblər.

Aksiyaçıların bəyanatında bildirilib ki, Fransa senatının qəbul etdiyi qətnamədə əks olunmuş müddəalar noyabrın 9-da əldə edilmiş razılaşmaya kölgə salır: “Fransa Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş çoxsaylı beynəlxalq cinayətlərə, dinc azərbaycanlılara qarşı dəfələrlə həyata keçirilmiş terror və vandalizmə göz yumaraq riyakarlığını və ikiüzlülüyünü bütün dünyada nümayiş etdirdi.

Bu qətnamə əldə edilmiş sülhü təhlükə altına atır. Biz bu qətnaməni pisləyir və ləğv edilməsini tələb edirik. Senatın bədnam qətnaməsi ləğv olunana qədər isə Fransa ilə bütün əlaqələrin dayandırılmasını tələb edirik. Senatın qəbul etdiyi qətnamə BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa adına böyük rüsvayçılıq və qara ləkədir. Fransa ATƏT-in Minsk qrupunun həmsədrlik mandatından və vasitəçilik missiyasından imtina etsin”.

[advanced_iframe src=”//daytube.az/embed/99141″ width=”100%” height=”600″]

ƏvvəlkiKOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyənləşib
NövbətiFransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdikləri səsi geri götürdü