Dünyanın ən böyük kripto valyuta birjası barəsində təhqiqat başlandı

ABŞ Ədliyyə Departamenti və vergi qurumu olan Daxili Gəlirlər Xidməti (IRS) dünyanın ən böyük kripto valyuta birjalarından “Binance Holdings” barəsində birgə təhqiqata başlayıb.

“Report” “Bloomberg”-ə istinadən xəbər verir ki, hər iki qurumdan bu xəbəri şərh etmək istəməyiblər.

Hələlik konkret ittihamlar irəli sürülməsə də, təhqiqatda çirkli pulların yuyulması və vergidən yayınma məsələlərinə diqqət yetirildiyi bildirilir. ABŞ hökuməti kripto valyutaların bəzi qanunsuz maliyyə əməliyyatlarında və vəsait köçürmələrində istifadə olunmasından şübhələnir.

Rəsmi təhqiqatla bağlı xəbərlər çıxandan sonra “Binance”-ın səhmləri birdən-birə 9 faiz ucuzlaşıb.

Qeyd edək ki, bu il mart ayında “Binance” barəsində Müddətli Əmtəə Ticarəti Komissiyası (CFTC) da müvafiq lisüenziya olmadan kripto derivativ ticarətinə yerli şirkətlərin buraxılması ilə bağlı təhqiqat aparmışdı.

ƏvvəlkiABŞ hərbçiləri Əfqanıstanı tədricən tərk etməyə başlayıblar
Növbətiİranla sərhəddə atışma, iki hərbçimiz şəhid oldu