Dövlət qurumlarının əməkdaşlarının peyvənd olunmasına başlanılıb

İki gündür ki, modul tipli xəstəxanada hazırlıq işləri aparılır. Artıq həmin prosesə tam hazırıq. Bu gün Nazirlər Kabinetinin 32 əməkdaşı peyvənd olunacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Kliniki Tibbi Mərkəzin modul tipli xəstəxanasının məsul şəxsi, həkim-infeksionisti Maisə Heybətova deyib.

Digər dövlət orqanlarının əməkdaşlarının da bu gün vaksinasiyadan keçəcəyini qeyd edən həkim onu da qeyd edib ki, Azərbaycana gətirilən və artıq bir aya yaxındır ki, tətbiq edilən Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini tam təhlükəsizdir.

Vaksinasiya prosesi zamanı əməkdaşlar əvvəlcə gözləmə otağına daxil olur, sonra onların qeydiyyatı aparılır.

Peyvənd olunmağa gələnlər həkim müayinəsindən keçir. Onların təzyiqi və hərarəti ölçülür, yanaşı xəstəliklərinin olub-olmadığı öyrənilir. Sonra peyvənd olunmağa gələn vətəndaşlar qeydiyyat otağına yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim edir, lazımi qeydiyyat aparılandan sonra epileptik və allergik xəstəlikləri yoxdursa peyvənd olunmaq üçün inyeksiya üçün ayrılan otağa keçir və peyvənd olunurlar. Peyvənd vurulandan sonra vətəndaş 30 dəqiqə həkim müşahidəsində saxlanılır. Həmin müddət ərzində peyvəndin əlavə yan təsiri və allergik reaksiyası olmadıqda onların xəstəxanadan çıxmasına icazə verilir.

İlk dozanı vurduran əməkdaşların hər birinə vaksinin ikinci dozasının vurulma tarixi barədə məlumat verilib.

Gün ərzində peyvənd olunan əməkdaşların heç birində yan təsirlər və heç bir narahatlıq müşahidə edilməyib.

ƏvvəlkiUesli So Maqnus Karlseni məğlub edərək “Opera Euro Rapid” turnirinin qalibi olub
Növbətiİlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub