Dollar kreditlərinə görə əhaliyə kompensasiyaların verilməsi başa çatıb

Əhalinin devalvasiya dövründə zərər gördüyü valyuta kreditlərinin kompensasiya olunması prosesi tam başa çatıb, bu vəsaitlər əhaliyə ödənilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.

AMB sədri vurğulayıb ki, iqtisadiyyatda faiz dərəcələrinin aşağı düşməsi müşahidə edilir:

“Baxmayaraq ki, ümumi fondu formalaşdıran yüksək istehlak kreditlərinin faizləri olur. Amma biznes kreditlər, yeni verilmiş biznes kreditlərinin orta faiz dərəcəsi cari ildə 11 faizdir və 5 faizdən də aşağı düşüb. Bu, bizim uçot dərəcəsinə yaxındır. Bu, onu göstərir ki, Mərkəzi Bankın uçot dərəcəsi, faiz siyasəti artıq bütövlükdə biznes kreditləri üzrə həm də əhalinin əmanətlərinin faizinin formalaşmasında mühüm rol oynamağa başlayıb.

De-dollarlaşma, deməli bizim o böhran dövründə dollarlaşma baş verdi. Bu gün biz görürük ki, dollarlaşma aşağı düşməyə başlayıb. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2016-cı ildə pik nöqtədəki 85 faizdən 56 faizə, kreditlərin dollarlaşması müvafiq olaraq 52 faizdən 35 faizə qədər aşağı düşüb”.

E.Rüstəmov qeyd edib ki, kredit aktivliyi davam edir. Cari ilin altı ayında kreditlər 3,6 faiz artıb:

“Lakin bu zaman başlıca olaraq bu artım 9 faizdən çox istehlak kreditləri tərəfindən baş verib. Amma biznes kreditləri, real sektorda kreditlər bir qədər – 0,3 faiz azalıb. Hesab edirik ki, biz diqqətli olmalıyıq. İstehlak kreditlərinin artması diqqətlə izlənilməlidir. Həm bütövlükdə əhalinin borc yükünün artmasını, həm də bank sektorunun portfelində bunun 50 faizə yaxınlaşmasını izləməliyik ki, sabah bu, hansı problemlər yarada bilər.

Bu gün bank sektorunda əhəmiyyətli likvidlik var. Amma biz yenə də görürük ki, biznes kreditlər artmır. Görünür, kompleks requlyativ, stimullaşdırıcı tədbirlər görmək lazım gələcək ki, bu kreditlər bütövlükdə real sektora getsin və bütövlükdə ölkədə daxili investisiya prosesini dəstəkləsin”.

ƏvvəlkiAzərbaycana külli miqdarda tekstil məmulatlarının qanunsuz gətirilməsinin qarşısı alınıb
NövbətiBatumi-Yerevan qatarı Gürcüstanda əcnəbi vətəndaşı vurub öldürüb