Daha 10 min şəxs ödənişli ictimai işlərə cəlb olunub

Prezident İlham Əliyevin tapşırığına əsasən ödənişli ictimai iş yerlərinin sayının 37 mindən 90 minə çatdırılması üçün müvafiq işlər aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, ƏƏSMN-nin DOST İş Mərkəzi vasitəsilə hazırda ödənişli işlərdə çalışan 37 min işçidən əlavə, daha 10 min şəxs haqqı ödənilən ictimai işlərə cəlb olunub.

Yeni yaradılan ictimai iş yerləri əsasən dezinfeksiya işlərinin aparılması, həssas qruplara sosial xidmətlərin göstərilməsi və s. kimi sahələri əhatə edir.

Yeni ödənişli ictimai iş yerlərinin yaradılması pandemiya ilə əlaqədar ölkədə əhalinin məşğulluq imkanlarının artırılmasına xidmət edir və proses gündəlik olaraq davam edəcək.