Bu mövsüm Neftçalada 1307 məhsul istehsalçısı pambıq becərəcək

Ölkədə aqrar sektorun, xüsusilə pambıqçılığın dinamik inkişafına nail olmaqla bağlı qarşıya qoyulan vəzifələr Neftçalada da uğurlu həyata keçirilir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il 16 min 74.4 ton pambıq istehsal edən rayonun “ağ qızıl” ustaları cari ildə 5 min 78 hektar sahədə pambıq əkməyi planlaşdırıblar. Bunun üçün bütün işlər vaxtında həyata keçirilib. 5 min hektardan çox sahədə şum aparılıb, arata qoyulub və malalanıb. Rayonda 1307 məhsul istehsalçısı istehsal müəssisələri ilə müqavilə bağlayaraq lazımi texnika, toxum və digər avadanlıqlarla təmin olunub.

Artıq rayonda pambıq səpininə start verilib. Səpinə ilk olaraq Xol zonasında başlanılıb və qısa müddətdə 251.9 hektardan çox sahəyə çiyid səpilib. Məhsul istehsalçıları səpin zamanı yüksək reproduksiyalı toxum sortlarının səpininə üstünlük verirlər. Yaxın günlərdə rayonda kütləvi çiyid səpininə başlanılacaq.

Ötən il 40 hektar pambıq sahəsindən 130 ton məhsul götürən, uzun müddət pambıqçılıqla məşğul olan rayonun Aslanlı kənd sakini Namiq Bağırov bu günə kimi əkəcəyi 50 hektar sahənin 1,5 hektarında səpin aparıb. Məhsul istehsalçısı səpini optimal müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edir. Fermer bu il hər hektar pambıq sahəsindən 35 sentner məhsul götürmək niyyətindədir.

Qeyd edək ki, ötən il neftçalalı pambıqçılar 5 min 88 hektar pambıq sahəsindən 16 min 74.4 ton məhsul toplayıblar.

ƏvvəlkiDaha 10 min şəxs ödənişli ictimai işlərə cəlb olunub
NövbətiAzərbaycanda 33 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb